Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanan “Məkkə Müdafiə Sazişi” regionda yeni təhlükəsizlik arxitekturasının formalaşması ilə bağlı müzakirələri aktuallaşdırıb.
Kollektiv müdafiə prinsipinə əsaslanan bu formatın gələcəkdə genişlənib-genişlənməyəcəyi və Azərbaycanın belə bir platformada təmsil olunmasının mümkün olub-olmayacağı əsas suallardan biri kimi gündəmə gəlib.
Azərbaycan son illərdə həyata keçirdiyi xarici siyasət kursu çərçivəsində müxtəlif dövlətlərlə strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərini inkişaf etdirsə də, hərbi-siyasi bloklara qoşulmaq məsələsində ehtiyatlı mövqe nümayiş etdirir.
Türkiyə ilə Şuşa Bəyannaməsi iki ölkə arasında müttəfiqlik münasibətlərinin hüquqi əsasını formalaşdırıb. Pakistanla müdafiə sahəsində əməkdaşlıq sürətlə inkişaf edir. Səudiyyə Ərəbistanı ilə isə siyasi və iqtisadi əlaqələr son illərdə yeni mərhələyə qədəm qoyub.
Məhz bu amillər yeni üçtərəfli formatın gələcəkdə genişlənəcəyi və Azərbaycanın da prosesə qoşula biləcəyi ilə bağlı ehtimalları gündəmə gətirib. Bununla belə, rəsmi Bakı tərəfindən Azərbaycanın “Məkkə Müdafiə Sazişi”nə qoşulmaq niyyəti ilə bağlı hər hansı açıqlama verilməyib.
Mövzu ilə bağlı News365.az-a danışan Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, politoloq Əli Zülfüqaroğlu bildirib ki, mövcud geosiyasi vəziyyət yeni ittifaqların və təhlükəsizlik formatlarının yaranmasını şərtləndirir.

Onun sözlərinə görə, Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında “Məkkə Müdafiə Sazişi”nin imzalanması gözlənilməz hadisə deyil:
“Xüsusilə Yaxın Şərqdə baş verən hadisələr və yeni təhdid ocaqlarının yaranması ölkələri əlavə təhlükəsizlik tədbirləri görməyə məcbur edir. İran müharibəsindən sonra Səudiyyə Ərəbistanı ilə ABŞ arasında yaranan problemlər, Pakistan üçün Hindistanla bağlı təhlükələr, Türkiyəyə qarşı bölücü planlar, həmçinin NATO üzvləri arasında ziddiyyətlərin artması, Rusiya-Ukrayna və ABŞ-İsrail-İran qarşıdurması kimi amillər yeni yanaşmalar tələb edir”.
Politoloq hesab edir ki, üç müsəlman ölkəsi arasında yaxınlaşma, ilk növbədə, təhlükəsizlik zərurətindən irəli gəlir.
“Azərbaycanın hər üç ölkə ilə yüksək səviyyəli münasibətləri var. Azərbaycanı Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı ilə müvafiq olaraq qardaşlıq münasibətləri, milli-mənəvi və dini bağlar, eləcə də strateji maraqlar birləşdirir.
Ona görə də yaxın perspektivdə olmasa da, növbəti mərhələdə Azərbaycanın sazişə qoşulacağını istisna etmək olmaz”, – deyə Əli Zülfüqaroğlu qeyd edib.
Qeyd edək ki, Azərbaycanın hər hansı yeni hərbi-siyasi və ya təhlükəsizlik platformasına qoşulması məsələsi ölkənin xarici siyasət prioritetləri və milli təhlükəsizlik maraqları çərçivəsində qiymətləndirilə bilər.