Azərbaycan və Serbiya arasında iqtisadi əlaqələr yeni mərhələyə keçir

Azərbaycan və Serbiya arasında iqtisadi əlaqələr yeni mərhələyə keçir
21:12

“Azərbaycanla Serbiya arasında iqtisadi-ticari əlaqələr yeni formalaşsa da, sürətlə inkişaf edir”

İqtisadçı Xalid Kərimli bu fikirləri News365.az-a açıqlamasında bildirib.


”Hazırda iki ölkə arasında ticarət dövriyyəsi təxminən 50–100 milyon dollar civarındadır, lakin böyük potensial mövcuddur. Xüsusilə Azərbaycanın Serbiyaya qaz ixracına başlamasından sonra ticarət əlaqələrinin genişlənəcəyi və dövriyyənin əhəmiyyətli dərəcədə artacağı gözlənilir.

İndiyədək Azərbaycan Serbiyaya əsasən neft və kimya məhsulları ixrac edib. Bundan başqa, Azərbaycan Serbiyada bir sıra layihələrdə investor və maliyyə tərəfdaşı kimi iştirak edib. Serbiyadan isə ölkəmizə tikinti materialları, elektrik avadanlıqları, dərman preparatları və müdafiə sənayesi məhsulları idxal olunur.

Hər iki ölkə arasında, xüsusilə dövlət rəhbərləri səviyyəsində yüksək etimad və sıx əlaqələr mövcuddur. Son illərdə prezidentlərin qarşılıqlı səfərləri bu münasibətlərin strateji xarakter daşıdığını göstərir.

Bütün bunlar deməyə əsas verir ki, Azərbaycan və Serbiya arasında iqtisadi-ticari əlaqələr qarşıdakı dövrdə daha da genişlənəcək. Azərbaycan üçün Serbiya enerji ixracının diversifikasiyası və Avropada mövqelərin möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir. Serbiya üçün isə Azərbaycan enerji təhlükəsizliyi və investisiyaların cəlb olunması baxımından strateji tərəfdaşdır.”


Sizin reklam burada
Sizin reklam burada