Qlobal siyasi proseslər və beynəlxalq münaqişələrin həllində mövcud mexanizmlərin səmərəsizliyi fonunda yeni təşəbbüslər gündəmə gəlir. Xüsusilə BMT-nin bir sıra hallarda üzərinə düşən öhdəlikləri yerinə yetirə bilməməsi alternativ beynəlxalq platformalara ehtiyacı artırıb.
Milli Məclisin deputatı Azər Allahverənov bildirib ki, hazırda bəşəriyyət üçün son dərəcə vacib və ümumbəşəri mahiyyət daşıyan tarixi proseslərin şahidi oluruq.
News365.az-a açıqlamasında deputat qeyd edib ki, qlobal siyasi proseslər, xüsusilə müxtəlif bölgələrdə davam edən münaqişələrin həlli fonunda əsas missiya sahibi olan BMT-nin üzərinə düşən öhdəlikləri yerinə yetirə bilməməsi yeni təşəbbüslərin meydana çıxmasını zəruri edib. Onun sözlərinə görə, ABŞ-nin keçmiş prezidenti Donald Trampın irəli sürdüyü Sülh Şurasının yaradılması ideyası da məhz bu zərurətdən irəli gəlir.
Azər Allahverənov vurğulayıb ki, bir çox dövlətlər, o cümlədən Azərbaycan uzun illər BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin icra olunmamasından və bu qurumun Ermənistan–Azərbaycan münaqişəsinin ədalətli həllinə real töhfə verməməsindən narazılıq ifadə edib. Nəticədə Azərbaycan öz gücünə arxalanaraq Vətən müharibəsi yolu ilə ərazilərini işğaldan azad edib.
Deputat bildirib ki, Azərbaycan kimi bir çox münaqişə ocaqlarından əziyyət çəkən dövlətlər də BMT-nin üzərinə düşən vəzifələri layiqincə yerinə yetirə bilməməsindən gileyləniblər. Bu vəziyyət isə bəzi hallarda dövlətləri “hüququn gücü” ilə “gücün hüququ” arasında seçim etmək məcburiyyətində qoyub. Onun sözlərinə görə, məhz bu səbəbdən alternativ beynəlxalq mexanizmlər barədə müzakirələr aktuallaşıb və Sülh Şurası da bu alternativlərdən biri kimi gündəmə gəlib.
Azər Allahverənov qeyd edib ki, artıq bir sıra dövlətlərin, xüsusilə də Azərbaycanla strateji tərəfdaş olan ölkələrin Sülh Şurasına qoşulması və Azərbaycanın bu prosesdə fəal iştirakı ölkəmizin beynəlxalq münasibətlər sistemində artan nüfuzunun göstəricisidir. Deputat vurğulayıb ki, Azərbaycanın Sülh Şurasına qoşulması ilə bağlı göndərilən dəvət məktubunda ölkəmizin sülh yaratma və sülh proseslərinə verdiyi töhfələrin xüsusi qeyd olunması bu imicin beynəlxalq səviyyədə qəbul edildiyini təsdiqləyir.
Onun sözlərinə görə, Sülh Şurasında Azərbaycanın təmsil olunması həm böyük məsuliyyət, həm də şərəfli missiyadır və bu platforma vasitəsilə ölkənin sülh gündəliyini uğurla təşviq etmək imkanları genişlənir.
Deputat Ermənistanın da Sülh Şurasında təmsil olunmasına toxunaraq bildirib ki, bu məqam da xüsusi əhəmiyyət daşıyır. Çünki hazırda Azərbaycan və Ermənistan arasında sülh quruculuğu prosesi gedir və artıq 17 maddədən ibarət sülh sazişi paraflanıb. Bundan əlavə, kommunikasiyaların açılması və nəqliyyat daşımalarının bərpası regionda ümumi canlanmaya və nəfəsə səbəb olub.