Azərbaycan regionda sülh və sabitliyin əsas təminatçısı kimi mövqeyini gücləndirir

Azərbaycan regionda sülh və sabitliyin əsas təminatçısı kimi mövqeyini gücləndirir
10:26

Dünyada böyük güc mərkəzləri arasında davam edən siyasi və hərbi gərginliklər qlobal təhlükəsizlik mühitinə təsirsiz ötüşmür. Belə şəraitdə bir çox ölkələrə qarşı etimad səviyyəsi azalır, xüsusilə də münaqişələrlə yadda qalan regionlara maraq zəifləyir. Bu fonda Azərbaycanın son illərdə formalaşdırdığı siyasət və regionda yaratdığı yeni reallıqlar ölkənin beynəlxalq imicini daha da gücləndirib. 

Politoloq Tamilla Qulami News365.az-a açıqlamasında bildirib ki, dünyada güc mərkəzləri arasında davam edən qarşıdurmalar ümumi qlobal etimad mühitinə təsir göstərir və bəzi ölkələrə qarşı inamsızlıq formalaşdırır.

Onun sözlərinə görə, müharibə və gərginlik yaşayan regionlara turist axını və beynəlxalq maraq azalır. Lakin Azərbaycan son illərdə regionda sülh və sabitliyin təmin olunması istiqamətində mühüm mövqe nümayiş etdirib.

O qeyd edib ki, 2020-ci il Vətən müharibəsi və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirlərindən sonra ölkənin suverenliyinin tam bərpası Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırıb. Bu, ölkənin həm təhlükəsiz, həm də etibarlı tərəfdaş kimi tanınmasına töhfə verib.


Tamilla Qulami vurğulayıb ki, bəzi beynəlxalq aktorların ikili standart yanaşmalarına baxmayaraq, Azərbaycan balanslı xarici siyasət xətti ilə regionda sabitlik yaradan əsas ölkələrdən biri kimi çıxış edir. Onun sözlərinə görə, ölkə həm siyasi, həm də iqtisadi baxımdan əməkdaşlığa açıqdır.

Politoloq əlavə edib ki, Azərbaycanın coğrafi mövqeyi və geosiyasi əhəmiyyəti onu böyük güclərin maraq dairəsində saxlayır. Eyni zamanda, Cənubi Qafqazda Azərbaycan ordusunun gücü və dövlət potensialı ölkəni lider mövqeyə yüksəldir.


Sizin reklam burada
Sizin reklam burada