Azərbaycan Orta Asiyada strateji oyunçuya çevrildi

Azərbaycan Orta Asiyada strateji oyunçuya çevrildi
10:47

Azərbaycan Orta Asiya Respublikalarının prezidentləri ilə birgə yeni formatda görüş keçirərək regionda strateji və iqtisadi əhəmiyyətini artırdı. Ekspertlər qeyd edirlər ki, bu addım Azərbaycanı həm geosiyasi çəkisi yüksələn, həm də tranzit və logistik mərkəz kimi mövqeyini gücləndirən ölkəyə çevirir.

İqtisadçı ekspert Natiq Cəfərli News365.az-a açıqlamasında bildirib ki, bu formatın analoqları əvvəllər Avropa Birliyi və ABŞ tərəfindən Mərkəz Asiya ölkələri ilə keçirilmiş görüşlərdə mövcud olub.


Azərbaycan isə artıq tam hüquqlu üzv kimi iştirak edir. Bu, ölkənin həm geosiyasi rolunu, həm də yeni iqtisadi perspektivlərini genişləndirir.

Ekspert vurğulayıb ki, Azərbaycan uzun illərdir ki, tranzit mərkəzi olmaq məqsədilə əhəmiyyətli addımlar atıb. Ələt limanının yenidən qurulması, dəmir yolları və avtomobil infrastrukturunun təkmilləşdirilməsi, Bakı-Tiblisi-Qars dəmir yolunun çəkilməsi buna misaldır. Bu infrastruktur layihələri ölkəni Orta Dəhlizin əsas komponentinə çevirib və Azərbaycanın regionda moderator rolunu gücləndirib.

Natiq Cəfərli əlavə edib ki, Azərbaycan unikal xarici siyasət yürüdür və bütün qütblərlə bərabərhüquqlu danışıqlar aparmaq imkanına malikdir. Bu da onu təmin edir ki, həm Avropa və ABŞ, həm Çin, həm də Rusiya və İranla Azərbaycan normal əməkdaşlıq əlaqələrini qoruyub saxlayır. Ekspertin sözlərinə görə, Azərbaycan artıq Orta Asiya Respublikalarının dünya iqtisadiyyatına inteqrasiyasında mühüm rol oynayan strateji mərkəzə çevrilib.




Sizin reklam burada
Sizin reklam burada