Prezident İlham Əliyev: “Azərbaycan 2020-ci ildə Vətən müharibəsində Qələbədən dərhal sonra azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma proqramına start verdi”
2020-ci ildə 44 günlük Vətən müharibəsində
qazanılan Qələbə Azərbaycan tarixində yeni bir səhifə açdı. Bu, yalnız
hərbi-siyasi uğur deyil, həm də uzun illər işğal altında qalmış ərazilərin
azadlığı, milli ləyaqətin bərpası və bir milyondan çox məcburi köçkünün doğma
torpaqlarına dönüş ümidi idi. Prezident İlham Əliyev 2025-ci ilin 25 sentyabr
tarixində BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı bu strateji
və milli əhəmiyyətli proseslərə toxunaraq Azərbaycan dövlətinin sülhə,
yenidənqurmaya və ədalətə əsaslanan siyasətini dünya ictimaiyyətinin diqqətinə
çatdırdı. O, çıxışında uzun illər davam edən işğal, uğursuz vasitəçilik
təşəbbüsləri və nəhayət, Azərbaycanın ərazi bütövlüyünü hərbi və hüquqi
müstəvidə necə bərpa etdiyini detallı şəkildə təqdim etdi. Prezidentin nitqinin
əsas hissələrindən biri isə ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi və Vətən
müharibəsində Azərbaycanın beynəlxalq hüquqa uyğun davranışı ilə bağlı idi.
Otuz ilə yaxın müddətdə aparılan danışıqlar
nəticəsiz qaldı. Ermənistan müxtəlif illərdə həyata keçirdiyi siyasi
təxribatlarla danışıqları ya uzadır, ya da pozurdu. Azərbaycan isə bütün bu
illər ərzində beynəlxalq hüquq çərçivəsində münaqişənin sülh yolu ilə həllinə
sadiq qaldı. Lakin bu səbir və hüquqi yanaşma nəticə vermədikdə, Azərbaycan BMT
Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, yəni özünümüdafiə hüququndan
istifadə edərək, 2020-ci ilin sentyabrında Vətən müharibəsinə başladı.
2020-ci il sentyabrın 27-də başlayan və 44 gün
davam edən İkinci Qarabağ müharibəsi, Azərbaycan tarixində təkcə hərbi qələbə
deyil, həm də haqqın və ədalətin bərpası kimi yadda qaldı. Prezident İlham
Əliyev BMT-dəki çıxışında Azərbaycanın bu müharibəni beynəlxalq humanitar
hüquqa tam uyğun şəkildə apardığını vurğuladı. Müharibə zamanı Ermənistan
tərəfindən aşağıdakı ağır beynəlxalq hüquq pozuntuları qeydə alındı. Belə ki,
Gəncə, Bərdə, Tərtər, Naftalan və digər şəhərlər ballistik raketlərlə, kasetli
bombalarla vuruldu. Nəticədə 100-dən çox günahsız mülki şəxs, o cümlədən
qadınlar və uşaqlar həlak oldu. Ermənistan bu hücumlarla Cenevrə Konvensiyasını
açıq şəkildə pozdu. Bu hücumlar mülki əhalinin qəsdən hədəfə alınması kimi
təsnif edilir və müharibə cinayətləri kateqoriyasına aiddir. Buna qarşılıq
olaraq Azərbaycan Ordusu mülki əhalini hədəfə almadı. Qeyri-hərbi
infrastrukturu bombalamadı. Beynəlxalq humanitar hüquqa və Cenevrə
Konvensiyalarına tam əməl etdi. Bu faktlar təkcə Azərbaycanın hərbi deyil, etik
və hüquqi üstünlüyünü də təsdiqləyir. 44 gün ərzində Azərbaycan Ordusu işğal
altında olan şəhərləri və kəndləri addım-addım azad etdi. Noyabrın 10-da
Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Bununla da Azərbaycan
özünün ərazi bütövlüyünü bərpa etdi. BMT Təhlükəsizlik Şurasının qətnamələrini
özü icra etdi və tarixi ədaləti bərpa etdi.
Bu qələbə beynəlxalq hüququn qələbəsi idi.
Azərbaycan sübut etdi ki, əgər beynəlxalq təşkilatlar hərəkətsizdirsə,
dövlətlər öz hüquqlarını özləri təmin etməlidirlər. Prezident İlham Əliyev
çıxışında Ermənistanın işğal dövründə törətdiyi hərbi cinayətlərə və
genişmiqyaslı dağıntılara xüsusi diqqət çəkdi. İşğal altında qalan ərazilərdə
yüzlərlə şəhər və kənd yerlə-yeksan edilib. Bu, sadəcə mülki infrastrukturun
dağıdılması deyil, həm də bir xalqın tarixinin, mədəniyyətinin və irsinin
sistemli şəkildə məhv edilməsi idi. 65 məscidin Ermənistan tərəfindən məqsədli
şəkildə dağıdılması, onların bəzilərində isə heyvan saxlanması faktı beynəlxalq
hüququn və mədəni irsə hörmət prinsiplərinin kobud şəkildə pozulmasıdır. Bütün
bu vandalizm aktları Ermənistanın uzun illər ərzində apardığı məqsədyönlü
assimilyasiya və etnik təmizləmə siyasətinin tərkib hissəsi olmuşdur. Bu
faktlar beynəlxalq təşkilatlar, o cümlədən UNESCO tərəfindən müvafiq şəkildə
sənədləşdirilməli və qiymətləndirilməlidir.
Qələbədən
dərhal sonra Azərbaycan dövləti genişmiqyaslı yenidənqurma və bərpa prosesinə
start verdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən “Böyük
Qayıdış” Proqramı azad olunmuş torpaqlarda həyatın yenidən canlandırılması
məqsədi daşıyır. Bu proqram çərçivəsində dağıdılmış infrastrukturun – yolların,
məktəblərin, xəstəxanaların, enerji və su təchizatı sistemlərinin bərpası
prioritet məsələ kimi qarşıya qoyulmuşdur. Cəmi beş il ərzində 50 mindən çox
insan öz doğma torpaqlarına qayıdıb. Onlar bu gün orada yaşayır, işləyir,
təhsil alır və quruculuq prosesində fəal iştirak edirlər. Bu, dövlətin insan
kapitalına verdiyi önəmin və vətəndaş rifahına yönəlik siyasətinin bariz
nümunəsidir.
Azərbaycan
azad edilmiş ərazilərdə təkcə fiziki bərpa ilə kifayətlənmir. Bu ərazilər
müasir texnologiyalarla təchiz edilmiş "ağıllı kənd" və "ağıllı
şəhər" konsepsiyası əsasında inşa edilir. Ağalı kəndi və Laçın şəhəri bu
baxımdan nümunəvi layihələrdir. Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzur
iqtisadi rayonları “yaşıl enerji” zonası elan olunub. Günəş və külək enerjisi
layihələri, “Xudafərin” və “Qız Qalası” su elektrik stansiyalarının istifadəyə
verilməsi Azərbaycanın ətraf mühitə hörmət prinsipini və dayanıqlı inkişaf
strategiyasını təsdiqləyir. Prezident İlham Əliyev çıxışında sülh çağırışlarını
da təkrarən vurğuladı. O, Azərbaycanın regionda dayanıqlı sülhün tərəfdarı
olduğunu, lakin Ermənistanın bu istiqamətdə qeyri-konstruktiv mövqe
sərgilədiyini diqqətə çatdırdı. Sülh sazişinin imzalanması üçün əsas beynəlxalq
prinsip kimi tanınan ərazi bütövlüyü və suverenlik prinsipləri Azərbaycanın
mövqeyinin əsasını təşkil edir. Azərbaycanın azad edilmiş torpaqlarda həyata
keçirdiyi yenidənqurma prosesi təkcə bir ölkənin daxili inkişafı deyil, həm də
beynəlxalq səviyyədə sülh və sabitliyə töhfədir. "Böyük Qayıdış"
təkcə fiziki məkanın deyil, həm də milli kimliyin, mədəniyyətin və tarixi
ədalətin qayıdışıdır. Prezident İlham Əliyevin BMT Baş Assambleyasındakı çıxışı
bir daha göstərdi ki, Azərbaycan sülhə hazırdır, lakin heç vaxt işğalı və
təcavüzü unutmayacaq. Azərbaycanın gələcəyə baxışı modern, dayanıqlı və
inklüziv bir cəmiyyət qurmaq, işğaldan azad olunmuş torpaqlarda həyatın yenidən
canlanmasını təmin etməkdir. Bu çıxış bir daha göstərdi ki, Azərbaycan
beynəlxalq hüququn tərəfdarı olub və qalır. İşğal altındakı torpaqlar hüquqi və
siyasi yollarla azad olunmadığı üçün ölkə BMT Nizamnaməsinə uyğun hərbi vasitə
ilə öz hüququnu təmin etdi. Ermənistan isə həm işğal, həm də müharibə zamanı
çoxsaylı beynəlxalq hüquq pozuntularına yol verdi.
Nəbi Ağayev
K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya
İnstitutunun
PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə
müdiri