Qazaxıstan Nəqliyyat Nazirliyi “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinə məxsus "Embraer-190" təyyarəsinin iştirakı ilə baş vermiş aviasiya hadisəsinin araşdırılması üzrə ilkin hesabatı dərc edib.
Hesabatda deyilir ki, Aktau hava limanı yaxınlığında qəzaya uğrayan “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) təyyarəsinin korpusuna ilkin baxış zamanı ekspertlər tərəfindən çoxsaylı dəliklər, həmçinin yad metal əşyalar aşkar edilib və onların ekspertizası davam etdirilir.
"İstintaq Komissiyası hava gəmisinin konstruksiya zədələrinin ətraflı müayinəsini davam etdirir. İlkin yoxlamalar zamanı füzelyajın arxa hissəsində, şaquli və üfüqi stabilizatorlarda, sükan və istiqamət sükanlarında müxtəlif ölçü və formalı çoxsaylı dəlik və dəliksiz zədələr aşkar edilib. Oxşar zədələr hava gəmisinin sol mühərriki, sol qanadı, eləcə də digər aqreqat və komponentlərində də müəyyən olunub. Bəzi zədələrin düzgün düzbucaqlı formaya malik olduğu qeyd edilir", - deyə bildirilib.