Azad Rəhimovun Rusiyaya bağlılığı və idmançılarımıza qarşı təzyiqi- Jurnalistdən paylaşım

Azad Rəhimovun Rusiyaya bağlılığı və idmançılarımıza qarşı təzyiqi- Jurnalistdən paylaşım
12:30

"Keçmiş idman naziri Azad Rəhimovun Rusiyanın agenti olduğu barədə hər hansı bir şübhəm yoxdur, hətta başqa bir ölkənin, məsələn, Mozambikin agenti olması da mümkündür. Çünki bu adamın Azərbaycanı sevdiyinə heç zaman inanmamışam."

News365.az xəbər verir ki, bu sözləri jurnalist Zülfüqar Xeyirxəbərov feysbuk səhifəsində paylaşıb. 

"Ölkəsini sevən bir nazir ən azından öz sahəsinin inkişafı üçün çalışardı. Ancaq A. Rəhimov idmana ayrılan vəsaitləri mənimsəyib, ölkəmizi uğurla təmsil edən idmançılara nifrət edib, onları küsdürüb, işdən çıxarıb və onlara yüksəkdən aşağı baxıb. Bu günlərdə isə bir neçə dəfə Dünya və Avropa çempionu olan idmançılarımızdan biri ilə söhbət edərkən eşitdiklərimdən şoka düşdüm. Məlum oldu ki, Naxçıvanda keçirilən beynəlxalq turnirdən sonra AZTV-nin efirində nazir Azad Rəhimov ölkəmizi uğurla təmsil edən idmançının onunla görüşmək istəyinə müsbət cavab verib və 10 gün ərzində qəbul edəcəyini bildirib. Amma idmançı 6 gün nazirliyə gələndən sonra 7-ci gün nazirin cangüdəni silahını göstərərək onu təhdid edib və ona həmin binanın yaxınlığında görmək istənmədiklərini deyib. Ondan sonra həmin dünya şöhrətli idmançımız heç bir turnirə qatılmayıb və karyerasını başa vurub.

İndiki vəziyyət də dəyişməyib. Çünki hələ də idman nazirliyində Marina Vasileva kimi insanlar var. Əgər belə olmasaydı, bu gün dünyada tanınan idmançılarımız hələ də kənarda qalmazdı və onlar küsdürülməzdi. Büdcədən regionlarda idmanın inkişafı üçün milyonlarla vəsait ayrılır, amma idmançılar yarışlara qatıla bilmir, çünki ezamiyyə xərcləri mənimsənilir. İdman kompleksləri baxımsızlıqdan dağılıb tökülür, halbuki bu komplekslər təsərrüfat hesabı ilə işlədikləri halda ildə milyonlarla gəlir gətirirlər. Qəpiyinə qədər nazirliyə təhvil verilir, amma komplekslərin təmiri və saxlanması üçün vəsait ayrılmır. Nazirliyin büdcəsindən isə komplekslərin saxlanılması adı altında milyonlar silinir. Rayonlarda tikilən idman komplekslərinin otellərində idmançılardan başqa hər kəsə yer verilir.

P.S. Yeri gəlmişkən, əgər hər hansı bir rayonda idman kompleksinin otelində qalmaq istəsəniz, jurnalist olduğunuzu deməyin, çünki buraxılmayacaqsınız. Deyilənə görə, nazirlik səviyyəsində idman komplekslərinin rəhbərliyinə jurnalistlərin otellərə buraxılmaması ilə bağlı göstəriş verilib. Nəyi gizlədirlərsə…


Sizin reklam burada
Sizin reklam burada