“Azad İstehlakçılar” İctimai Birliyinin 29-cu Ümumi Yığıncağı keçirilib

“Azad İstehlakçılar” İctimai Birliyinin 29-cu Ümumi Yığıncağı keçirilib
17:33

2025-ci il yanvarın 25-də “Azad İstehlakçılar” İctimai Birliyinin (AİİB) yaradıldığı gündən etibarən hər il eyni tarixdə keçirilən ənənəvi ümumi yığıncaqlarının 29-cusu baş tutub.

Ümumi yığıncaqda AİİB-in 14 rayon nümayəndəliyindən və Bakı ofisindən olan üzvlər iştirak ediblər. Təşkilat artıq 29 ildir ki, nizamnaməsinə uyğun olaraq ildə ən azı bir dəfə ümumi yığıncaq keçirir.

İclasda AİİB-in sədri Eyyub Hüseynovun 2025-ci ilin yekunlarına dair illik hesabatı, Nəzarət-Təftiş Komissiyasının sədrinin hesabatı və maliyyə hesabatı dinlənilib, həmçinin təşkilati məsələlər müzakirə olunub.

Ümumi yığıncağın qərarı ilə AİİB-in İdarə Heyətinin tərkibi dəyişməz saxlanılıb. Belə ki, Eyyub Hüseynov İdarə Heyətinin sədri, Miryaqub Ələkbərov sədr müavini, Nüsrət Qasımov, Habil İsgəndərov və Əlisəfa Mehdiyev isə İdarə Heyətinin üzvləri kimi təsdiqləniblər.

Nəzarət-Təftiş Komissiyasının tərkibində isə dəyişiklik edilib. Karikatura ustası Seyran Cəfərli Komissiyaya üzv seçilib. Beləliklə, NTK-nın yeni tərkibi elmlər doktoru, memar İlqar Əliyev, Nizami Müsayev və Seyran Cəfərlidən ibarət olub.

İclasda, həmçinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyindən reyestrdən çıxarışın alınması üçün səlahiyyətli şəxs qismində AİİB-in sədri Eyyub Hüseynov seçilib.

AİİB-in sədri: Eyyub Hüseynov


Sizin reklam burada
Sizin reklam burada