Avropanın danışıqlara qoşulması artıq vacibdir

Avropanın danışıqlara qoşulması artıq vacibdir
10:22

Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibənin davam etməsi artıq Moskva üçün ciddi iqtisadi və hərbi yükə çevrilib. Son dövrlərdə Ukrayna ordusunun cəbhədə müəyyən əraziləri geri qaytarması, həmçinin Ukrayna dronlarının Rusiyanın dərinliklərinə qədər irəliləyərək neftayırma zavodlarını hədəfə alması Kremlin mövqeyini zəiflədib.

Politoloq Elşad Həsənov bu barədə News365.az-a açıqlamasında danışıb.

Politoloqun sözlərinə görə, üç ildən artıq davam edən müharibə həm Rusiya, həm də Ukrayna üçün ağır itkilərlə nəticələnsə də, daha böyük itkilər əsasən Rusiya tərəfində qeydə alınıb. O bildirib ki, Ukraynanın Rusiyanın neft infrastrukturlarına endirdiyi zərbələr nəticəsində ölkənin neftayırma müəssisələrinin 30 faizdən çoxu fəaliyyətini itirib.

Elşad Həsənov qeyd edib ki, bu səbəbdən Rusiya müəyyən dövrdə xaricə neft məhsulları satışını məhdudlaşdırmağa məcbur olub. Onun fikrincə, Ukrayna məqsədyönlü şəkildə Rusiyanın enerji infrastrukturunu sıradan çıxarmağa çalışır və bu da Moskvanın müharibəni davam etdirməsinin faydasız olduğunu göstərir.

Politoloq bildirib ki, son günlər Rusiya-Ukrayna müharibəsinin dayandırılması istiqamətində müəyyən danışıqlar aparılır. O vurğulayıb ki, indiyədək əsas vasitəçilik missiyasını ABŞ yerinə yetirsə də, hazırda Vaşinqtonun diqqəti daha çox Yaxın Şərqdə, xüsusilə İran ətrafında baş verən proseslərə yönəlib.

“Elə buna görə də son dövrlərdə Ukraynaya əsas dəstəyi Avropa verir və artıq Avropanın da danışıqlarda iştirakına ehtiyac yaranıb”, – deyə Elşad Həsənov bildirib.

Politoloqun sözlərinə görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov da çıxışlarında ABŞ-ın Ukrayna-Rusiya danışıqlarına əvvəlki qədər diqqət ayırmadığını bildirib. O əlavə edib ki, Moskva danışıqlar qapısını açıq saxlasa da, tərəflər arasında birbaşa təmasların nəticə vermədiyi müşahidə olunur.

Elşad Həsənov hesab edir ki, bundan sonra sülh prosesində Avropa ölkələrinin daha fəal iştirakı qaçılmaz görünür.


Sizin reklam burada
Sizin reklam burada