DİQQƏT: Onlayn kreditlərin verilməsi dayandırılır?

DİQQƏT: Onlayn kreditlərin verilməsi dayandırılır?
16:38

Onlayn kreditlər hazırda bank xidmətləri arasında sürətlə yayılan trendlərdəndir. Bir çox ölkədə uğurla tətbiq olunan bu sistem, vətəndaşlara rahatlıq yaratsa da, təhlükəsizlik məsələləri aktuallığını qoruyur. Mütəxəssislər bildirirlər ki, texnoloji təminat zəif olduqda bu cür xidmətlər maliyyə risklərinə səbəb ola bilər. Bu səbəbdən, onlayn kreditlərin tətbiqində təhlükəsizlik məsələlərinə xüsusi önəm verilməlidir.

Kredit eksperti Əkrəm Həsənov  verdiyi açıqlamada bildirib ki, onlayn kredit sistemi özü-özlüyündə təhlükəli deyil:

“Sadəcə olaraq bizim bəzi banklar bu sistemi əlavə xərc çəkmədən, yəni texnoloji sərmayə qoymadan tətbiq etməyə çalışırlar. Onlara sərf edir, çünki daha az işçi qüvvəsi saxlayır, filiallara ehtiyac qalmır, inzibati xərclər azalır”, - deyə Həsənov bildirib.

Ekspert xatırladır ki, illər əvvəl bank əməliyyatları üçün mütləq şəkildə banka getmək lazım gəlirdi. İndi isə bu xidmətlərin əksəriyyəti onlayn həyata keçirilir. Bu dəyişiklik banklar üçün effektivlik baxımından müsbət haldır və kreditlərin də onlayn verilməsi bu prosesin bir hissəsidir.

Lakin Əkrəm Həsənov son dövrlərdə artan kiberhücumlar və kart oğurluqları fonunda təhlükəsizlik məsələlərinin ciddi narahatlıq doğurduğunu qeyd edir:

“Onlayn kredit götürən zaman vətəndaş sadəcə bir düyməyə toxunur, Asan İmza kimi identifikasiya üsulları tətbiq olunmur. Bu isə ciddi risk yaradır. Mən hesab edirəm ki, bu cür kreditlərin verilməsi hazırkı formada dayandırılmalı, yalnız təhlükəsizlik tam təmin olunduqdan sonra davam etdirilməlidir” -   deyə o, vurğulayıb.

Əkrəm Həsənovun fikrincə, banklar texnologiyaya kifayət qədər vəsait ayırmadıqca, bu risklər artmaqda davam edəcək.


Sizin reklam burada
Sizin reklam burada