"Donald Tramp administrasiyasının mövqeyi bəllidir. Əgər hadisələrə onların baxış bucağından yanaşsaq, aydın görünür ki, bu administrasiya müharibədən yana deyil, sülh və vasitəçilik xəttini üstün tutur.
Vasitəçilik məsələsinə gəldikdə isə, Rusiya-Ukrayna müharibəsi ilə bağlı aparılan proseslərdə də Donald Tramp administrasiyasının əsas hədəflərindən biri birbaşa danışıqların reallaşdırılması olub. 2022-ci ildə Türkiyədə keçirilən, lakin yarımçıq qalan Rusiya-Ukrayna danışıqlarının yenidən bərpa olunması təşəbbüsü də əslində Trampın razılığı və iştirakı ilə ortaya çıxmış bir ideya idi."
Politoloq Xəyal Bəşirov News365.az-a açıqlamasında bildirib ki, bu təşəbbüs Trampın dəstəyi olmadan irəli sürülə bilməzdi. Məhz buna görə Donald Tramp da sonradan həmin danışıqları açıq şəkildə dəstəklədiyini bəyan etmişdi. Onun sözlərinə görə, birbaşa danışıqlar prosesi Tramp administrasiyasının əsas diplomatik məqsədlərindən biridir.
Lakin Azərbaycanla Ermənistan arasındakı sülh danışıqları məsələsinə gəldikdə, Xəyal Bəşirov düşünür ki, Donald Tramp bu regiondakı proseslərdə vasitəçilik missiyasını üzərinə götürmək niyyətində deyil.
Onun diqqəti daha çox qlobal güc balansına və ABŞ-ın strateji maraqlarına yönəlib. Ermənistanın istəklərinə baxmayaraq, Tramp administrasiyası bu məsələdə birbaşa tərəf olmayacaq."