"Avropa Birliyinin təhlükəsizlik sahəsində çətinliklərlə üzləşdiyi açıqdır"- Sevil Mikayılova

"Avropa Birliyinin təhlükəsizlik sahəsində çətinliklərlə üzləşdiyi açıqdır"- Sevil Mikayılova
15:10

"Avropa Birliyində Ukraynanın üzvlüyü ilə bağlı tam konsensus yoxdur. Avropa Birliyinə üzv olmaq üçün NATO-ya daxil olmağın vacibliyi ilə bağlı rəsmi bir tələb olmasa da, təhlükəsizlik məsələləri bu prosesdə mühüm rol oynayır. Ukraynanın ərazi bütövlüyünün pozulması və davam edən münaqişə Avropa Birliyini bir sıra çətin seçimlərlə qarşı-qarşıya qoyur."

Milli Məclisin üzvü Sevil Mikayılova bunu News365.az-a açıqlamasında deyib. 

"Hazırda NATO faktiki olaraq Rusiya ilə münaqişədədir, baxmayaraq ki, bunu rəsmi müharibə kimi elan etməyib. Vladimir Putin açıq şəkildə bildirib ki, Rusiya NATO-ya qarşı mübarizə aparır, çünki Qərb hərbi texnikası və yüksək rütbəli hərbi müşavirləri Ukraynada aktiv iştirak edir. Bu reallıq fonunda NATO-nun Rusiya ilə açıq qarşıdurmaya hazır olub-olmadığı sual altındadır. Eyni zamanda, Donald Tramp-ın NATO-ya üzv ölkələrin xərclərini artırmaq tələbi və Ukraynaya yardımları dayandırmaq niyyəti Avropa ölkələrində ciddi narahatlıq doğurur.

Ukraynanın Avropa Birliyinə üzvlüyü ilə bağlı verilən siyasi bəyanatlar müəyyən ümidlər yaratsa da, real şəraitdə bu prosesin uğurla nəticələnib-nəticələnməyəcəyi sual altındadır. Avropa Birliyinin özünün hazırda təhlükəsizlik və müdafiə sənayesi sahəsində çətinliklərlə üzləşdiyi açıqdır. ABŞ-ın Ukraynaya hərbi yardımı 90 günlük yoxlama müddətinə məruz qalıb və əgər bu yardım tamamilə dayandırılarsa, yükün əsas hissəsi Avropa ölkələrinin üzərinə düşəcək.

Bundan əlavə, Tramp-ın NATO üzvlərindən müdafiə xərclərinin 5%-ə çatdırılmasını tələb etməsi, Avropa iqtisadiyyatına əlavə təzyiq göstərəcək və bu, regionda iqtisadi narahatlıqları daha da artıracaq. Tariflərin yüksəldilməsi və digər iqtisadi tədbirlər Avropa Birliyinin Ukrayna məsələsində nə qədər irəli gedə biləcəyini sual altına qoyur.

Belə bir vəziyyətdə əsas sual odur ki, danışıqlar masasında kim daha güclü mövqe tutacaq və hansı şərtlər qəbul olunacaq. Əgər Ukraynanın Avropa Birliyinə daxil olması prosesində gecikmələr və ya maneələr yaranarsa, bu, həm siyasi, həm də iqtisadi baxımdan ciddi nəticələrə gətirib çıxara bilər."

 News365.az