Audiovizual Şura Jurnalistika fakültəsində seminar-təlim keçirib

Audiovizual Şura Jurnalistika fakültəsində seminar-təlim keçirib
19:40

28 Noyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Audiovizual Şurası Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin tələbələri üçün növbəti maarifləndirici seminar-təlim təşkil edib.

Bu barədə News365.az-a Audiovizual Şuradan məlumat verilib.

Tədbir Azərbaycan Respublikası Audiovizual Şurası, Medianın İnkişafı Agentliyi və Bakı Dövlət Universiteti arasında imzalanmış müvafiq Anlaşma Memorandumuna uyğun olaraq keçirilib.

Seminarın açılışında çıxış edən BDU-nun Jurnalistika fakültəsinin dekan müavini Samir Xalidoğlu Audiovizual Şura tərəfindən mütəmadi olaraq təşkil edilən bu cür təlimlərin tələbələr üçün yüksək səmərəliliyini və müsbət nəticələrini xüsusi vurğulayıb.

Daha sonra Audiovizual Şuranın Kommunikasiya sektorunun müdiri Taleh Quliyev qurumun fəaliyyət istiqamətləri, xüsusilə uşaq hüquqlarının qorunması ilə bağlı həyata keçirilən tədbirlər, o cümlədən sözügedən sahədə audiovizual media subyektlərinin maarifləndirilməsi barədə tələbələrə ətraflı məlumat verib.

Tədbirin növbəti hissəsində Şuranın Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin baş məsləhətçisi Ayxan Sadıqlı "Audiovizual mediada uşaq hüquqları" mövzusunda geniş təqdimatla çıxış edib. O, tələbələrə tətbiq edilən qanunvericilik normaları, tənzimləmə mexanizmləri, hüquqi aspektlər, habelə qurumun qanunvericiliklə müəyyən edilmiş səlahiyyət və öhdəlikləri haqqında ətraflı məlumat çatdırıb.

İnteraktiv şəkildə davam edən seminar tələbələri maraqlandıran çoxsaylı sualların cavablandırılması, real nümunələrin izahı və geniş müzakirəsi ilə yekunlaşıb.


Sizin reklam burada
Sizin reklam burada