Atəşkəsin pozulması Tovuzdan Laçına qədər uzanmaqdadır, üçüncü kapitulyasiya aktı… – SENSASİON AÇIQLAMALAR

Atəşkəsin pozulması Tovuzdan Laçına qədər uzanmaqdadır, üçüncü kapitulyasiya aktı… –  SENSASİON AÇIQLAMALAR
15 Apr 2024 20:45

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Ermənistana ilk rəsmi səfəri kimi aprelin 15-də İrəvana gəlib.

 Ermənistanın baş naziri Nikol Paşinyan Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə danışıqlardan sonra bildirib ki, Ermənistan Azərbaycanla əvvəllər razılaşdırılmış prinsiplər çərçivəsində sülh sazişini imzalamağa hazırdır.

Paşinyanın sözlərinə görə, Ermənistan Azərbaycana təqdim etdiyi üç prinsip əsasında regionda sabitliyi və sülhü bərqərar etməyə hazırdır. O bildirib ki, təklif etdikləri “Sülh kəsişməsi” layihəsinin həyata keçirilməsi regionda vəziyyəti kökündən dəyişə bilər.

Paşinyanın sülhlə bağlı dedikləri doğrudur, yoxsa bu, təxribatdır?

edalet.jpg (248 KB)

Hərbi ekspert Ədalət Verdiyev mövzu ilə bağlı bunları deyib:

“Biz müharibə başa çatandan və Ermənistanın kapitulyasiya aktının həm birincisi, həm də ikincisini imzaladıqdan sonrakı müddətdə dəfələrlə belə sülh yönümlü fəaliyyətlərə hazır olduğu bəyanatlarını eşitmişik. Lakin bu bəyanatların heç biri real olmayıb. Azərbaycan tərəfi ilə 8 dəfə sülh sazişi istiqamətində sənəd mübadiləsini həyata keçiriblər. Amma bəzən Ermənistan bu sənədlərə 6 aya cavab verməyib, bəzən də daha uzun müddətə cavab verilməyib. Hər bir halda Ermənistanın məğlub tərəf kimi sülh barədə verdiyi bəyanatlarla ərazidə həyata keçirdiyi fəaliyyətlər arasında çox böyük uçurum var. Ermənistan bir tərəfdən sülhdən danışır, digər tərəfdən isə bu gün ölkədə genişmiqyaslı hərbi təlimlər keçirilir. Atəşkəsin dəfələrlə pozulmasını diqqətə çatdırmaq lazımdır. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Qafan istiqamətində atəşi nəticəsində zabitimizin yaralanmasına dair əvvəlcə təəssüfləndiklərini dedilər.

Sonra etiraf etdilər ki, bu atəş Ermənistan tərəfindən atılıb. Bu qədər gərginlik yaradan Ermənistan həm hərbi toplanışlar keçirir, həm də xarici mütəxəssisləri dəvət edir, ABŞ və Fransanın dəstəyilə Avropa missiyasını genişləndirir. Digər tərəfdən silahlar əldə edir. Azərbaycana qarşı mövqelər inşa edir. Bu mövqelər sırf hücum xarakterlidir. Atəşkəsin pozulması Tovuzdan Laçına qədər uzanmaqdadır. Ermənistanın eskalasiya yaratması ona dividendlər gətirə bilməz. Ermənistan öz milli və dövlət maraqları çərçivəsində deyil, Rusiya və Azərbaycanı günahlandırmaq üçün Fransanın rəhbərliyi altında təxribatlara gedir. Ermənistan yaxşı anlayır ki, hər hansı təxribat, bir güllə belə ölkə üçün fəlakət gətirə bilər. Bu fəlakətin də sonu üçüncü kapitulyasiya aktı olacaq ki, bunun başqa yolu yoxdur”. 


Youtube kanalımız

Oxşar xəbərlər