Ləğv edilmiş Yüksəliş Partiyasının sədri Anar Əsədlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
News365.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib.
İttihama görə, Anar Əsədli 4 nəfərə qarşı dələduzluqda təqsirləndirilir.
Təqsirləndirilən Anar Əsədli yüksək gəlir gətirmək adı ilə Oqtay Qasımovdan müxtəlif vaxtlarda ümumilikdə 255 min manat alıb. Anar Əsədli həmin məbləğin bir qismini geri qaytarıb.
Anar Əsədli iş üzrə zərərçəkən qismində tanınan Etibar Nəsirovdan ümumilikdə 8 500 manat alıb. Alınan məbləğdən 3400 manat geri ödənilib.
Təqsirləndirilən şəxs İlham Hüseyndən 17 min manat alıb və həmin məbləğin isə 4 250 manatını geri qaytarıb.
Tamara Allahverdiyevadan 78 500 manat pul alınıb, 17 min manat geri ödəniş edilib.
Təqsirləndirlən Anar Əsədli cinayət işi üzrə özünü təqsirli bilməyib.
Proses 19 dekabrda Anar Əsədlinin ifadəsi ilə davam edəcək.
Təqsirləndirilən şəxsin vəkili Hikmət Əliyev APA-ya bildirib ki, Anar Əsədli zərərçəkmiş qismində tanınan İlham Hüseyn və Tamara Allahverdiyevaya dəymiş ziyanı ödəyib. Vəkilin sözlərinə görə, Anar Əsədlidən Oqtay Qasımovdan aldığı 150 min dollardan 34 500 dollarını qaytarıb, eyni zamanda, Qəbələdə qiyməti 247 min manat dəyərində ölçülən torpaq verib. Hikmət Əliyev Anar Əsədlinin zərərçəkmiş şəxslərdən həmin pulu borc qismində aldığını deyib.
Qeyd edək ki, Anar Əsədliyə qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb və barəsində 2023-cü ilin aprel ayında həbs qətimkan tədbiri seçilib. Sonradan məhkəmə Anar Əsədlini ev dustaqlığına buraxsa da, o, ilk baxış iclasında zərərçəkmiş tərəfin vəsatəti əsasında məhkəmə zalında həbs edilib./APA