Bir çox insanın yaddaşında eyni bir hal var: uşaq vaxtı bir yerimiz ağrıyanda anamız əlini ora qoyar və ağrı azalardı. Bu hal xalq arasında “ananın əli şəfadır” kimi izah olunur. Bəs, bu faktın elmi tərifi varmı?
Ağrı üzrə Beynəlxalq Assosiasiyasının (IASP) araşdırmasına görə, ağrı hissi yalnız zədələnmiş yerdən gəlmir. Əsasən beynin onu necə qiymətləndirməsindən asılıdır. Əgər beyində təhlükəsizlik siqnalı varsa, ağrı azalır.
Ana toxunuşu da beyinə belə bir siqnal göndərir və ağrını zəiflədir. O, insan üçün təhlükəsizlik və rahatlıq deməkdir. Ananın toxunuşu beyinə “təhlükə yoxdur” mesajı göndərir. Bu zaman beyin ağrını azaldan maddələr ifraz etməyə başlayır.
İnsan bədəni endorfin adlı maddə istehsal edir. Endorfinlər təbii ağrıkəsici rolunu oynayır. Ananın toxunuşu bu maddələrin artmasına kömək edir. Nəticədə ağrı həqiqətən azalır.
Bundan başqa, dəridə həm ağrını, həm də toxunuşu hiss edən sinirlər var. Toxunuş zamanı ağrı siqnalları zəifləyir. Buna görə də zədəli yeri ovuşduranda ağrı bir qədər azalır.
Xalq inancı təsadüfi deyil
Uşaq vaxtı ağrı zamanı anamız bizi sakitləşdirirdi. Beyin bunu yadda saxlayır. İllər keçsə də, eyni hiss yenidən yaranır. Bu, psixoloji olaraq normal haldır.
“Ananın əli şəfadır” deyimi, sadəcə folklor inancı deyil. Elm göstərir ki, bu halın psixoloji və bioloji səbəbləri var. Ana toxunuşu stressi azaldır və ağrını zəiflədir.
Ananın ağrıyan yerə əl qoyması möcüzə deyil. Bu, beynin və sinir sisteminin verdiyi təbii reaksiyadır. Şəfqət və güvən hissi bəzən dərmandan daha təsirli ola bilir.