AMİP Gənclər Təşkilatının üzvləri İsveçdə keçirilən Beynəlxalq yaz məktəbində iştirak edir

AMİP Gənclər Təşkilatının üzvləri İsveçdə keçirilən  Beynəlxalq yaz məktəbində iştirak edir
06 May 2025 20:57

May ayının 5-9 da İsveçdə keçirilən “Azad Cəmiyyətin Prinsipləri” (Spring School 2025) beynəlxalq yaz məktəbində Azərbaycanı AMİP-in Gənclər Təşkilatının nümayəndələri təmsil edir.

AMİP-dən News365.az-a verilən məlumata görə bu yaz məktəbi İsveçin hakimiyyətdə olan Moderat partiyasının Jarl Hjalmarson Fondu (JHS) tərəfindən təşkil olunub və gənc siyasi fəalların azad cəmiyyətin əsas prinsipləri ilə tanış olmalarını, təcrübə mübadiləsi aparmalarını və beynəlxalq dialoqu təşviq etmələrini hədəfləyir.

Proqram çərçivəsində iştirakçılar bir sıra vacib mövzular üzrə –  hüququn aliliyi, demokratik institutların gücləndirilməsi və fərdi azadlıqlar – interaktiv təlimlərdə iştirak edirlər. AMİP-in gənc nümayəndələri, öz fəallıqları, geniş bilikləri və analitik baxış bucaqları ilə xüsusilə seçilib. Onların Azərbaycan cəmiyyətindəki dəyişikliklər, gənclərin rolu və demokratik dəyərlərin təşviqi ilə bağlı təqdimatları həm tədbir iştirakçıları, həm də təşkilatçılar tərəfindən yüksək qiymətləndirilib.

Yaz məktəbində Moldova, Gürcüstan, Belarus, Ukrayna və ev sahibi İsveçin Moderat partiyasının Gənclər Təşkilatının nümayəndələri də iştirak edir. Bu tədbir, müxtəlif ölkələrin gənc liderləri üçün qarşılıqlı anlaşma və əməkdaşlıq imkanları yaradan mühüm bir platformadır.

Azərbaycan nümayəndələrinin bu nüfuzlu tədbirdə iştirakı, ölkəmizin gənclərinin beynəlxalq siyasi maarifləndirmə proqramlarında fəal iştirakını və demokratiya, azad cəmiyyət kimi dəyərlərə sadiqliyini bir daha nümayiş etdirir. AMİP-in bu prosesdəki fəal rolu isə partiyanın gənclərlə bağlı strategiyasının və gələcək nəslin siyasi inkişafına verdiyi əhəmiyyəti bir daha təsdiq edir.

News365.az


Sizin reklam burada
Sizin reklam burada