Adnan Əhmədzadənin vəkili hələ də ƏƏSMN-də işləyir- Hüquqşünasdan AÇIQLAMA

Adnan Əhmədzadənin  vəkili hələ də ƏƏSMN-də işləyir- Hüquqşünasdan AÇIQLAMA
03 Dek 2025 09:55
“Bank Mamedin oğlu deyir ki, əcəb edirik.Və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin publik hüquqi şəxslərində korrupsiyaya şərait yaradan hüquqpozmalar davam edəcək?"

News365.az xəbər verir ki, bunu hüquqşünas Əkrəm Həsənov özünün sosial səhifəsində yazıb. O bildirib ki, sentyabrda yazmışdım ki, Adnan Əhmədzadənin vəkili qanunsuz olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsin Hüquq, kadrlar və sənədlərlə iş departamentinin müdiri vəzifəsində çalışmışdır:

"Məsələ ilə əlaqədar həm bu nazirliyiə, həm də hüquq-mühafizə orqanlarına müraciət etmişdim. Sonuncular da müraciətimi həmin nazirliyə yollamışdılar ki, münasibət bildirilsin.
Nəhayət, nazirliyin Aparat rəhbəri Fuad Musayevdən (“Bank Mamed” kimi tanınan Məmməd Musayevin oğludur) cavab almışam (onu dərc edirəm). Əgər buna cavab demək olarsa.
Nazirlik özünü görməməzliyə qoyaraq məsələnin mahiyyətindən yayınıb. Deyir ki, yalnız dövlət qulluqçusu vəkil ola bilməz. Publik hüquqi şəxs isə dövlət orqanı deyil, deməli, orada işləyən də dövlət qulluqçusu deyil. Sanki mən bunu şübhə altına almışam.
Əslində, mən yazmışdım ki, “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 9.3.1-ci maddəsinə əsasən vəzifəli şəxsin xidməti vəzifəsini icra etdiyi dövrdə elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, digər ödənişli vəzifə tutmaq və ya fəaliyyət növü ilə məşğul olmaq korrupsiyaya şərait yaradan hüquqpozma sayılır. Yəni şəxs vəkil ola bilər. Amma işəgötürəndən (Nazirliyin publik hüquqi şəxsi) başqa kimsəyə ödənişli əsasla xidmət göstərə bilməz.
Bir sözlə, publik hüquqi şəxsin vəzifəli şəxsi vəkil ola bilər, amma yalnız həmin publik hüquqi şəxsin vəkilliyini edə bilər. Niyə? Ona görə ki, eyni zamanda dövlətə və özəl maraqlara xidmət edən şəxs ən azı korrupsiyanın bir astanasındadır. Buna görə də qanun bunu qadağan edir.
Nazirliyin cavabından isə belə çıxır ki, heç bir pozuntuya yol verməyib, əcəb edib, bundan sonra da belə edəcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində də əmək münasibətləri qanun pozuntusu ilə rəsmiləşdirilirsə, daha başqalarından nə gözləyək.
Məsələ ilə əlaqədar təkrar olaraq Baş Prokurora müraciət etmişəm. Məsələ ciddi nəzarətə götürülməlidir. Belə çıxır ki, publik hüquqi şəxslərdə vəzifəli şəxslərin hər hansı digər ödənişli fəaliyyətinə heç bir məhdudiyyət yoxdur. Çünki Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işində “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunu rəhbər tutmur..."

News365.az 


Sizin reklam burada
Sizin reklam burada