İran və ABŞ arasında baş verən qarşıdurmanın nəticələri və regionda formalaşan yeni geosiyasi vəziyyət müzakirə mövzusu olaraq qalır. ABŞ-ın İrana qarşı siyasətinin əsas məqsədləri, Hörmüz boğazı ilə bağlı məsələlər və müharibədən sonra yaranan yeni reallıqlar barədə müxtəlif fikirlər səsləndirilir.
Ümid Partiyasının sədri İqbal Ağazadə News365.az-a açıqlamasında bildirib ki, baş verən proseslərə yalnız İran daxilində mümkün siyasi dəyişikliklər prizmasından yanaşmaq düzgün deyil.

Hörmüzlə bağlı şərtlər də daxil olmaqla, bütün bunlar müharibənin ilk günlərindən mənim diqqət çəkdiyim məsələlər idi. Mən demişdim ki, bu proses nə rejimi dəyişmək, nə demokratiya, nə də insan haqları məsələsi ilə bağlıdır. Bu, gələcək dünyanın bölüşdürülməsi və gələcək rəqiblərin imkanlarının məhdudlaşdırılması ilə əlaqədardır.
Amerika Birləşmiş Ştatları istədiyini aldı. Venesuela neftindən, Yaxın Şərq və ərəb ölkələrinin neftindən sonra, İranın da nefti üzərində nəzarət quruldu. Rusiya ilə bağlı proses də davam edir.
Mən müharibənin aktiv dövründə də demişdim ki, İran müharibəsində atəşkəs əldə olunan kimi Rusiyanın çox ağır günləri başlayacaq. Rusiyanın dərinliklərində və bütün sahələrdə onu çox pis vəziyyətə salmağa çalışacaqlar. Çünki növbəti hədəf həmin logistik imkanları da nəzarətə götürməkdir”.
İqbal Ağazadə İran daxilində baş verən proseslərə də toxunub. O bildirib ki, ölkədəki siyasi vəziyyət və mümkün dəyişikliklər ayrıca qiymətləndirilməlidir:
“İranda bu müharibədə kim qazandı? Demokratik dəyişiklik qazandı? Bu gün? Xeyr. Bu gün əsas məsələ hakimiyyətin taleyi ilə bağlıdır.
Dekabrın 28-də başlayan və fevralın 28-də müharibənin başlamasına qədər davam edən proseslər zamanı nə qədər insan öldürülsəydi, üçüncü dalğa da yaşansaydı, həmin rejim qala bilərdimi, qala bilməzdi? Bu, çox mühüm məsələdir.
Amma burada zaman məsələsi də diqqət çəkir. Amerika müdaxiləsi də həmin prosesin qarşısını almağa çalışırdı. Çünki demokratikləşmə və yeni İranın formalaşması Amerikanın bugünkü maraqlarına cavab vermir”.
Qeyd edək ki, İqbal Ağazadə ABŞ-İran qarşıdurmasının yalnız iki ölkə arasındakı münasibətlər çərçivəsində deyil, daha geniş geosiyasi proseslərin tərkib hissəsi kimi qiymətləndirilməli olduğunu bildirib.