ABŞ-ın Ukraynaya hərbi dəstəyi davam edəcək? - AÇIQLAMA

ABŞ-ın Ukraynaya hərbi dəstəyi davam edəcək? - AÇIQLAMA
09:48

ABŞ Prezidenti Donald Trampın Ukraynaya hərbi yardım siyasəti və Prezident Volodimir Zelenski ilə keçirdiyi görüşlər yenidən diqqət mərkəzinə gəlib.

Politoloq Elşən Mustafayev News365.az-a açıqlamasında Vaşinqtonun Patriot hava hücumundan müdafiə sistemləri ilə bağlı mövqeyini və Rusiya-Ukrayna müharibəsinin gedişatını şərh edib.

Politoloqun sözlərinə görə, Trampın siyasi mövqeyi qısa müddət ərzində dəyişə bilər:


"Tramp elə bir siyasətçidir ki, gün ərzində də, həftə ərzində də fərqli açıqlamalar verə bilər. Amma nəzərə almaq lazımdır ki, Zelenski son iki ay ərzində Trampla üç dəfə görüşüb. Son görüşdə müzakirə olunan məsələlərin detalları isə mətbuata açıqlanmayıb".

Elşən Mustafayev bildirib ki, ABŞ Ukraynaya Patriot hava hücumundan müdafiə sistemlərinin istehsal lisenziyasını verməyə razı deyil:

"Amerika hərbi-sənaye kompleksi Patriot hava hücumundan müdafiə sistemlərinin və ya həmin raketlərin istehsal lisenziyasını Ukraynaya verməz. Amma istəsə, həmin sistemləri və raketləri özü təmin edə bilər. Bu gün Ukraynanın Patriot sistemləri də var, raketləri də var, lakin onların sayı azdır və tədricən tükənir. Patriot sisteminin əsas sursatı həmin raketlərdir və ballistik, eləcə də orta və yaxın mənzilli raketlərin qarşısını almaqda mühüm rol oynayır. Hazırda bu təminatı ABŞ həyata keçirir".

Onun sözlərinə görə, Ukraynanın həmin raketləri özünün istehsal etməsi ilə bağlı təkliflər olsa da, Vaşinqton buna razılıq verməyib.

"Patriot raketlərinin istehsal lisenziyasının Ukraynaya verilməsi təklif olunmuşdu. Lakin hərbi-sənaye kompleksi baxımından bu mümkün hesab edilmədi və ABŞ buna icazə vermədi. Mənim bildiyimə görə, bu lisenziya yalnız bir neçə istisna ölkədə mövcuddur və onların da fəaliyyəti Amerikanın nəzarəti altındadır".

Politoloq qeyd edib ki, Zelenski son görüşdən sonra danışıqların uğurlu keçdiyini açıqlasa da, bunun detalları hələ məlum deyil.

"Zelenski son görüşdən sonra danışıqların yaxşı keçdiyini və uğurlu olduğunu bildirdi. Orada konkret hansı razılaşmaların əldə olunduğunu deyə bilmərəm. Amma bir məqamı əminliklə söyləmək olar ki, müharibə artıq beşinci ilə qədəm qoyur".

Elşən Mustafayev Bayden və Tramp administrasiyalarının dövrünü də müqayisə edib.

"Bayden dövründə Ukraynanın ən böyük ərazi itkiləri baş verib. Tramp hakimiyyətə gəldikdən sonra isə, torpaq baxımından Ukraynanın ciddi itkiləri olmayıb. Əksinə, Tramp dövründə Ukrayna Rusiyanın dərinliklərində, o cümlədən Moskvaya qədər uzanan hücumlar həyata keçirib və bu faktlar artıq rəsmi şəkildə də etiraf olunur".


Sizin reklam burada
Sizin reklam burada