Məşhur aktyor Timoti Şalame ABŞ kinoaktyorlar gildiyasının (Screen Actors Guild Award) "ən yaxşı kişi rolu" nominasiyası üzrə mükafata layiq görülüb. Gildiyanın 31-ci mərasimində mükafatlar Los-Ancelesdə təqdim olunub. Mərasim Netflix-də yayımlanıb.
Fransız əsilli amerikalı aktyor mükafatı "Bob Dylan: A Complete Unknown" (2024) adlı filmdəki roluna görə qazanıb.
Bu kateqoriya üzrə həmçinin The Brutalist-dəki(2024) roluna görə Adriyan Broudi, "Queer"ə(2024) görə Daniel Kreyq, "Sing-Sing" (2023) üçün Kolman Dominqo və "Conclave"dəki (2024) rolu üçün Ralf Fayns əsas mükafata namizəd olublar.
Keçən il Kristofer Nolanın "Oppenheimer" bioqrafiya dramında (2023) rol almış irlandiyalı aktyor Kilian Mörfi ən yaxşı kişi roluna layiq görülmüşdü. O, daha sonra bu rola görə "Oskar"ı da qazandı.
1933-cü ildə yaradılmış gildiya ABŞ-də kino, televiziya və digər sənaye işçilərinin maraqlarını təmsil edir. Mükafatlar isə təşkilat tərəfindən 1995-ci ildə təsis edilib və o vaxtdan bəri hər il aktyorluq sənətində yüksək nailiyyətlərin təqdir edilməsi üçün mərasimlər keçirilir.
Tural