ABŞ-nin Yaxın Şərqə minlərlə quru qoşunu göndərməsi ilə bağlı xəbərlər fonunda, bu qüvvələrin İranın neft ixracının 90%-ni təmin edən Xark adasını ələ keçirəcəyi ilə bağlı ehtimallar artır.
Xark adası mühüm yanacaq mərkəzi olsa da, Hörmüz boğazından gəmilərin təhlükəsiz keçidini təmin etmək üçün strateji baxımdan daha vacib olan digər adalar da mövcuddur.
Çinin Sun Yat-sen Universitetinin tədqiqatçıları Əbu Musa, Böyük Tunb, Kiçik Tunb, Henqam, Qeşm, Larak və Hörmüz adalarını İranın "qövs müdafiəsi" adlandırırlar.
Tədqiqatçıların fikrincə, bu adaları birləşdirən xəyali əyri xətt İranın boğazın təhlükəsizliyinə nəzarət etmək üçün strateji üstünlüyünü nümayiş etdirir.
Xüsusilə Əbu Musa və Tunb adaları suyun dərinliyi və dar keçidləri səbəbindən iri hərbi gəmiləri və tankerləri onların yanından keçməyə məcbur edir ki, bu da onları İran İnqilabı Keşikçiləri Korpusu (SEPAH) üçün asan hədəfə çevirir.

İran rəsmiləri bu adaları Tehranın “batmaz aviadaşıyıcıları” kimi xarakterizə edirlər. Ötən il SEPAH bu adalarda hərbi mövcudluğunu gücləndirdiyini və bölgədəki düşmən bazalarını, gəmilərini vurmaq imkanına malik olduğunu bəyan edib.
ABŞ-nin Sakit Okean Komandanlığının Birgə Kəşfiyyat Mərkəzinin keçmiş direktoru Karl Şuster bildirir ki, Xark adasına hər hansı desant çıxarmaq üçün əvvəlcə bu adalardakı İran hərbi mövqeləri zərərsizləşdirilməlidir.
Hazırda ABŞ-nin bu adalar üçün hər hansı amfibiya hücumu cədvəli yoxdur. Prezident Donald Tramp İranın enerji infrastrukturuna zərbə endirmək üçün son müddəti aprelin 6-na qədər uzatdığını, danışıqlar üçün şans tanıdığını bildirib.
Lakin Dövlət Katibi Marko Rubio danışıqlarda irəliləyiş olduğunu desə də, Müdafiə Naziri Pit Heqset ABŞ-nin “bombalarla danışıqlar aparmağa” davam edəcəyini vurğulayıb.
Hərbi ekspertlər qeyd edirlər ki, bu adaların ələ keçirilməsi 2 gündən 2 həftəyə qədər çəkə bilər. Lakin adaları tutmaq işin yalnız bir hissəsidir. Onların yenidən İranın nəzarətinə keçməməsi üçün təxminən 2000 nəfərlik qüvvə tələb olunacaq. Bu isə ABŞ hərbçilərini İranın materik hissəsindən gələ biləcək dron və raket hücumları qarşısında həssas vəziyyətə qoya bilər.
Siyasi tərəfdən isə bu adalar Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və İran arasında uzunmüddətli mübahisə mövzusudur. Əgər ABŞ bu adaları ələ keçirib sonra BƏƏ-yə qaytararsa, bu, gələcək İran hökuməti ilə münasibətləri zədələyə bilər. Əksinə, adaları İranda qalacaq yeni rejimə qaytarmaq isə müttəfiq BƏƏ-nin narazılığına səbəb olar. Bu mürəkkəb siyasi və hərbi vəziyyət bölgədəki gərginliyin hələ uzun müddət davam edəcəyini göstərir.