Bakıda Mənzil Kommunal İstismar Sahələrinin (MKİS) fəaliyyəti ilə bağlı narazılıqlar artır. Sakinlər bildirir ki, onlar mənzil pulu ödənişlərini bank vasitəsilə etmək istəsələr də, “jek”lər buna imkan vermir və məbləği yalnız nağd şəkildə qəbul edirlər.
News365.az xəbər verir ki, ödənişlər əsasən MKİS əməkdaşları tərəfindən ünvana gedilərək toplanır. Bəzi hallarda isə sakinlər pulu birbaşa mənzil istismar sahələrinin mühasibatlığına ödəyir. Hər iki halda vətəndaşlara qəbz təqdim olunur.
MKİS-lər niyə nağd ödənişi üstün tutur?
Nəsimi rayonu 13 saylı MKİS-nin rəisi Etibar Mürvələdovun sözlərinə görə, mənzil pulu yığımı Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalara əsasən aparılır. Lakin bu ödənişlərin niyə bank hesabı vasitəsilə qəbul edilmədiyi açıqlanmır.
Qeyd edək ki, hazırda Bakıda 100-dən çox mənzil istismar sahəsi fəaliyyət göstərir. Bu qurumlar ümumilikdə 11 mindən çox yaşayış binasına xidmət göstərir.
Sakinlər isə tələb edir ki, mənzil pullarını bank vasitəsilə ödəmək imkanı yaradılsın və bu sahədə şəffaflıq təmin olunsun.