40 il əvvəl Qarabağı alovlandıran akademik Aqanbekyan yenidən gündəmdə

40 il əvvəl Qarabağı alovlandıran akademik Aqanbekyan yenidən gündəmdə
17:00

Rusiya iqtisadiyyatı 2009-cu il böhranından bəri ən pis vəziyyətindədir.

News365.az xəbər verir ki, bunu iqtisadçı, Rusiya Elmlər Akademiyasının akademiki, SSRİ rəhbəri Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə keçmiş müşaviri Abel Aqanbekyan RBC-yə açıqlamasında bildirib.

Onun sözlərinə görə, iqtisadiyyatın mülki sektoru hazırda “tənəzzül vəziyyətindədir”.

Aqanbekyan qeyd edib ki, 2024-cü ildə Rusiyanın ÜDM-i 4,3 faiz artdığı halda, 2025-ci ildə artım cəmi 1 faiz təşkil edib. Dövlət statistikasına əsasən, 2026-cı ilin birinci rübünün yekunlarına görə Rusiyanın ÜDM-i 0,2 faiz azalıb. İkinci rübdə iqtisadiyyat 1,3 faiz artıma qayıtsa da, ilin ilk yarısında ümumi artım cəmi 0,6 faiz olub.

Aqanbekyan hazırkı Rusiya iqtisadi modelini “dövlət-oliqarx kapitalizmi” kimi xarakterizə edib. Onun sözlərinə görə, ölkə iqtisadiyyatında dövlətin payı çox yüksəkdir və təxminən 45 faiz təşkil edir. Qismən dövlətə məxsus müəssisələr də nəzərə alınarsa, bu göstəricinin 70 faizə çatdığını bildirib.

İqtisadçı bank sektorunda dövlət nəzarətinin daha yüksək olduğunu və bu göstəricinin 75 faizə çatdığını qeyd edib.

Aqanbekyanın sözlərinə görə, özəl biznes sektoru getdikcə daralır. Buna müharibənin yaratdığı xərclər, vergi yükünün artması və Mərkəzi Bankın yüksək faiz dərəcəsi səbəbindən kreditlərin bahalaşması təsir göstərir.

“Bir müəssisə böyüyür, sonra müflis olur. Regionlar isə onları bağlamaqdan qorxurlar, çünki bu, böyük işsizliyə səbəb ola bilər. Buna görə də zərər edən və ya yarı-zərərli müəssisələri saxlayırlar”, – deyə Aqanbekyan bildirib.

Onun sözlərinə görə, Rusiyada iqtisadiyyatın dövlət nəzarətində olan hissəsinin yüksək olması özəl sektorun inkişaf imkanlarını məhdudlaşdırır və hazırkı iqtisadi modelin problemlərini daha da dərinləşdirir.

Aqanbekyanın fikrincə, iqtisadi artım tempinin kəskin zəifləməsi, özəl biznesin daralması, yüksək vergi və kredit yükü Rusiyanın iqtisadi perspektivləri ilə bağlı ciddi suallar yaradır.

Xatırladaq ki, Abel Aqanbekyan 1987-ci ildə SSRİ-nin son rəhbəri Mixail Qorbaçovun köməkçisi qismində Qarabağın Ermənistana verilməsi təklifi ilə çıxış edərək bölgədəki gərginliyi alovlandırmışdı.


Sizin reklam burada
Sizin reklam burada