Azərbaycan Prezidenti İlham Əliyev 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı sərəncam imzalayıb. Bu qərar ölkədə şəhərsalma və urbanizasiya sahəsində aparılacaq işlərin prioritet istiqamətə çevrilməsini təmin edir.
Politoloq Turan Rzayev News365.az-a bildirir ki, əhali sayının artması urbanizasiya prosesini sürətləndirir və yeni infrastruktur layihələrinə olan tələbatı yüksəldir.
Paytaxt Bakının yükünün artması regionların inkişafının daha kompleks və sistemli şəkildə təşkili zərurətini yaradır.
Sərəncam çərçivəsində şəhərsalma yalnız yaşayış binalarının tikintisi ilə məhdudlaşmayacaq. Nəqliyyat sistemləri, ictimai məkanlar, sosial infrastruktur, iş yerləri və ekoloji balans vahid konsepsiya çərçivəsində planlaşdırılacaq. Son illərdə paytaxt Bakıda, eləcə də işğaldan azad edilmiş ərazilərin bərpası prosesində bu prinsiplər əsas götürülüb.
2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi yaşıl və ağıllı şəhər modellərinə keçidin zərurətə çevrildiyini göstərir. Dünyanın bir çox ölkəsində tətbiq olunan bu yanaşmalar ekoloji dayanıqlığı, hava keyfiyyətini, insan sağlamlığını və həyat keyfiyyətini ön plana çıxarır. Ağıllı şəhər modelləri isə rəqəmsal texnologiyalar vasitəsilə enerji istifadəsini, nəqliyyatı, kommunal xidmətləri və şəhər idarəçiliyini daha səmərəli edir.
Sərəncamın əhəmiyyətli istiqamətlərindən biri də işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən şəhərləşdirilməsidir. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri sıfırdan formalaşdırılan müasir urbanist model kimi qiymətləndirilir. Bu layihələr yalnız yaşayışın bərpasına deyil, həm də iqtisadi inkişafın sürətlənməsinə, əhalinin geri dönüşünün stimullaşdırılmasına və sosial rifahın yüksəldilməsinə xidmət edəcək.
Həmçinin, şəhərsalma prosesi tarixi-mədəni irsin qorunması ilə paralel aparılacaq. Tarixi abidələrin bərpası və müasir şəhərsalma modeli ilə inteqrasiyası şəhərlərin estetik dəyərini və kimliyini artıracaq.
Nəticə etibarilə, 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ölkədə şəhərsalma sahəsində kompleks islahatlar üçün institusional və ideoloji baza yaradır və gələcəkdə görüləcək işlərin daha effektiv olacağına əminlik yaradır.