Bu günə qədər zərbaycanda satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi çərçivəsində 8 018 müqavilə bağlanılıb ki, bunun da 1 761-i 2025-ci ilin payına düşüb.
News365.az bu barədə İpoteka və Kredit Zəmanət Fonduna istinadən xəbər verir.
Xatırladaq ki, bu mexanizm Prezident İlham Əliyevin 25 yanvar 2019-cu il tarixli fərmanı əsasında, şəxsi yığımları yetərli olmayan vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə tətbiq olunur.
Ümumilikdə satmaq öhdəliyi ilə kirayə mexanizmindən faydalaraq mənzil şəraitini yaxşılaşdıran vətəndaşların 60 %-dən çoxu gənclər və gənc ailələrdir.
İndiyə qədər satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Fond vətəndaşlara 17 ünvanda mənzillər təqdim edib. Onlardan 8 ünvan Bakı şəhərində, 6 ünvan Abşeron rayonunda (Xırdalan şəhərində 3 ünvan, Abşeron rayonunun Masazır, Saray və Məmmədli qəsəbələrində 3 ünvan), 3 ünvan isə Sumqayıt şəhərində yerləşir.
Təklif edilən mənzillər vətəndaşların istirahəti üçün geniş həyətyanı sahəyə malik, əsas infrastruktur obyektlərə (məktəb, bağça, səhiyyə ocaqları) yaxın komplekslərdə yerləşir. Bütün mənzillər yeni və müasir tikinti materiallarından istifadə olunmaqla təmir olunaraq, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz, elektrik sayğacları ilə təchiz olunub, eyni zamanda mülkiyyət hüquqları dövlət qeydiyyatına alınıb.