"1918-də atılan addımlar bu gün Qarabağda öz nəticəsini verir"- Züriyə Qarayeva

"1918-də atılan addımlar bu gün Qarabağda öz nəticəsini verir"- Züriyə Qarayeva
28 May 2025 12:55

"AXC qadınlara səs hüququ verən ilk müsəlman dövlətdir – bu gün bu yol davam edir"

Politoloq Züriyə Qarayeva bu sözləri News365.az-a açıqlamasında deyib. 

"1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti (AXC) təkcə Azərbaycan tarixində deyil, eyni zamanda müsəlman Şərqində ilk demokratik, parlamentli respublika kimi mühüm əhəmiyyət daşıyır.

Cəmi 23 ay mövcud olsa da, AXC-nin qəbul etdiyi bir sıra siyasi, hüquqi və sosial prinsiplər bu gün də müasir Azərbaycanın dövlətçilik təməlləri və inkişaf strategiyası baxımından aktual və yolgöstərici olaraq qalır. AXC-nin əsas məqsədlərindən biri hüquqa əsaslanan bir dövlətin qurulması idi.

Cümhuriyyət dövründə qəbul olunan qanunlar, Müsəlman Şərqində ilk dəfə olaraq qanun qarşısında bərabərlik, məhkəmə müstəqilliyi və vətəndaş hüquqlarının qorunması prinsipini əsas tuturdu. Bu prinsip bu gün də Azərbaycanın Konstitusiyasında və hüquqi sistemində əsas bənd kimi qorunur. AXC bütün etnik və dini mənsubiyyətindən asılı olmayaraq ölkə vətəndaşlarına bərabər hüquqlar tanıyırdı.

Bu gün də Azərbaycan Respublikasının vətəndaşlıq siyasəti, milli birlik və multikulturalizm konsepsiyası məhz bu prinsiplərin davamıdır. AXC qadınlara seçki və seçilmək hüququ tanıyan ilk müsəlman ölkəsi olmuşdur. Bu prinsip gender bərabərliyi, qadınların cəmiyyətin siyasi və sosial həyatında iştirakının artırılması baxımından bu gün də mühüm aktuallıq kəsb edir. Bugün ərazi bütövlüyümüzün təminatı baxımından Azərbaycan Xalq Cümhuriyyətinin əsas prinsipləri yenidən aktuallaşır. 1918-ci ildə elan olunan milli dövlət ideyası, xalqın öz müqəddəratını təyin etmə hüququ və suverenlik uğrunda mübarizə bu gün Qarabağda və ətraf bölgələrdə aparılan uğurlu siyasətlə real nəticələr verir.

Cümhuriyyətin əsasını təşkil edən milli birlik, müstəqillik və dövlətçilik prinsipləri XXI əsrin Azərbaycanında ərazi bütövlüyünün bərpası və qorunması üçün ideoloji və hüquqi baza rolunu oynayır."

Vəfa Vəliyeva, News365.az


Sizin reklam burada
Sizin reklam burada