“Zəfər paradı Azərbaycan dövlətinin gücünü nümayiş etdirdi”.
Milli Məclisin deputatı Aydın Mirzəzadə News365.az-a açıqlamasında Bakıda keçirilən Zəfər paradının Azərbaycan üçün əhəmiyyətini şərh edib.
O bildirib ki, parad yalnız tribunada oturanlar tərəfindən deyil, milyonlarla azərbaycanlı və ölkəmizin dostları tərəfindən izlənilib:
“Zəfər paradı Azərbaycan dövlətinin gücünü, qüdrətini və hərbi imkanlarını nümayiş etdirdi. Ordumuzun gücü yalnız ərazi bütövlüyümüzün qorunması, suverenliyimizin təmin edilməsi və təhlükəsizliyimizin qorunması üçün istifadə olunur. Azərbaycan bu siyasətini davam etdirir və fəaliyyəti tamamilə şəffafdır.”
Deputat parad zamanı Azərbaycan əsgərinin torpağına, dövlətinə və xalqına bağlılığının da vurğulandığını deyib. O qeyd edib ki, Prezidentin çıxışı tarixi məqamlarla bugünkü reallığı və gələcək çağırışları əks etdirib:
“Azərbaycanın dost ölkələrlə, xüsusilə Türkiyə ilə münasibətləri paradda xüsusi vurğulandı. Eyni zamanda Pakistan və Birləşmiş Ərəb Əmirliklərinin rəhbərlərinin iştirakı ölkəmizin dost dairəsinin genişliyini göstərdi. Xarici media vasitələri paradı yüksək qiymətləndirdi və Azərbaycan dövlətinin bugünkü reallığını ön plana çıxardı.”
Mirzəzadə əlavə edib ki, Zəfər paradı hər bir azərbaycanlı üçün qürur mənbəyidir və həm dövlətçiliyimizin, həm də xalqımızın gücünü nümayiş etdirir.