“Zatulin Azərbaycanın Qərblə yaxınlaşmasını istəmir”.
Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl News365.az-a açıqlamasında bildirib ki, Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin uzun illərdir Azərbaycana qarşı mənfi mövqe sərgiləyir.
“Zatulinin davranışları göstərir ki, o, heç vaxt Azərbaycanın dostu olmayıb. Artıq 10 ildən çoxdur ki, deputat seçildiyi gündən bəri açıq şəkildə ölkəmizin əleyhinə çıxışlar edir. İndi isə Türkiyə-Azərbaycan münasibətlərinə öz prizmasından yanaşaraq bu əlaqələri kölgələməyə çalışır,” – deyə İlham İsmayıl bildirib.
Ekspertin sözlərinə görə, Zatulin və onun kimi düşünənlər Azərbaycanın Qərblə yaxınlaşmasını istəmir:
“Halbuki hazırda Azərbaycan Qərbi Avropa və Şərqi Avropa ölkələri ilə yüksək səviyyəli enerji əməkdaşlığı qurub. Ursula fon der Leyen Bakıya səfəri zamanı bildirib ki, Avropa İttifaqı Azərbaycanı ən etibarlı tərəfdaş kimi tanıyır. Bizim enerji resurslarımız məhz Türkiyə üzərindən Avropaya ötürülür. Bu prosesdə Türkiyənin də ciddi maraqları var.”
İlham İsmayıl əlavə edib ki, Azərbaycan heç bir blokun üzvü deyil və yalnız öz milli maraqları çərçivəsində hərəkət edir:
“Biz nə Qərbin, nə də Şimalın tərəfindəyik. Azərbaycan Qoşulmama Hərəkatının üzvü olaraq yalnız öz dövlət maraqlarına uyğun siyasət yürüdür. Bu maraqların başında isə Türkiyə ilə strateji əməkdaşlıq dayanır. Türkiyə bizim maraqlarımızı nəzərə alır, biz də Türkiyənin maraqlarına hörmətlə yanaşırıq.”
Ekspertin fikrincə, Zatulinin bu cür çıxışları təxribat xarakteri daşıyır və iki qardaş ölkə – Azərbaycan və Türkiyə arasında olan ittifaqı sarsıtmaq məqsədi güdür