Zarafat edərkən əsgər yoldaşını silahla vuran Əzimova hökm oxundu

Zarafat edərkən əsgər yoldaşını silahla vuran Əzimova hökm oxundu
07 Mar 2025 12:01

Əsgərin xidmət yoldaşı ilə zarafatı faciə ilə nəticələnib.

Silahdan açılan atəş əsgərin yaralanmasına səbəb olub.

News365.az xəbər verir ki, N saylı hərbi hissələrdən birində xidmətdə olan atıcı əsgər Əzimov xidmət yoldaşı olan əsgər Eyvazova silahdan açdığı atəşlə xəsarət yetirib.

Hadisə zamanı Əzimov əlində olan avtomatı Eyvazova istiqamətləndirərək “səni vuracam” deyib. Eyvazov isə “silahla zarafat olmaz” deyib. Bir gün sonra xidmətdə olarakən Əzimov eyni səhvə yol verib. Onun əlində olan silahdan iki dəfə atəş açılıb. Güllələrdən biri Eyvazovun döş qəfəsindən girərək kürəyindən çıxıb. Xəstəxanaya çatdırılan Eyvazovun həyatını xilas etmək mümkün olub.

Əzimov əməlindən peşmançılıq çəkdiyini, Eyvazovla münasibətlərinin yaxşı olduğunu deyib. Eyvazov da əsgər yoldaşından şikayətçi olmayıb. Məhkəmə Əzimova Cinayət Məcəlləsinin 350.1-1-ci (Silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurduqda və ya sair ağır nəticələrə səbəb olduqda) maddəsi ilə təqsirli bilərək 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edib.

Qeyd edək ki, hər iki şəxs xidmətlərini başa vuraraq tərxis olunublar.



Sizin reklam burada
Sizin reklam burada