Bakı Beynəlxalq Avtovağzalının ətrafına çəkilən avtobus zolağı narazılığa səbəb olub.
News365.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Yoldan video paylaşan şəxslər bildirirlər ki, artıq həftəsonu, pik saatlar olmasa belə, bu ərazidə kilometrlərlə tıxac yaranır.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) sorğumuza belə cavab verildi:
“Moskva prospektinin Biləcəri enişi adlanan hissəsindən Həmdəm Ağayev küçəsinədək olan hissəsində təşkil edilən xüsusi hərəkət zolağı ilə hazırda gün ərzində 960 dəfə avtobus hərəkət edir. Nəticədə 90000-dən çox ictimai nəqliyyat istifadəçisinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaranıb.
Sözügedən yol sahəsində 102, 114A, 114B, 119, 199, 500, 503, 508, 594 nömrəli marşrutlar da daxil olmaqla ümumikdə 9 marşrut fəaliyyət göstərir.
Təşkil edilən xüsusi hərəkət zolağı ilə hərəkət edəcək marşrut və avtobus sayının artırılması nəzərdə tutulub. Bu da Sumqayıt, Xırdalan şəhərləri və Masazır qəsəbəsi istiqamətində hərəkət edən sərnişinlərin fasiləsiz daşınmasına müsbət təsir edəcək.
Qeyd edək ki, bu ərazidəki məsafəni avtobuslar pik saatlarda 15 dəqiqəyə getdiyi halda, xüsusi zolağın təşkilindən sonra həmin məsafəni ictimai nəqliyyat vasitələri 4 dəqiqəyə qət edir”.