Yaxın Şərqdə növbəti gərginlik OBYEKTİ- Tural İrfan yazır
Dünya
10:04
Yaxın Şərqdə durum demək olar ki, gərginliyini qoruyur. Həmas - İsrail arasındakı müharibə atəşkəs sayəsində səngisə də müharibədən sonrakı proseslərdə müxtəlif fikir ayrılıqları, ziddiyyətli məsələlər var. Habelə İsrailin Suriya və Livanla bağlı bir qədər sərt mövqeyi durumun gərgin olaraq davam etməsininə imkan yaradır. Bölgədə region ölkələri artıq özlərini qorumaq, təhlükəsizliyini təmin etmək üçün müstəqil addımlar atmağa cəhd edirlər. Livan İsrailin bəhanəsini kəsmək üçün İranın müdaxiləsinə qarşı açıq çıxış edir. Belə ki, dünən Livanın xarici işlər naziri Yusif Raci İranın ali rəhbərinin müşaviri Əli Əkbər Vilayətinin son açıqlamalarına sərt reaksiya verib. Çünki Vilayəti “Hizbullahın varlığı Livan üçün çörəkdən daha vacibdir” deyib.
Nazir X hesabında paylaşım edərək bildirib ki, Livanın suverenliyi, azadlığı və daxili qərarlarının müstəqilliyi ölkə xalqı üçün yemək və sudan daha önəmlidir. O, bu bəyanatı ilə İranın Livanın daxili işlərinə qarışdığını vurğulayıb. Artıq Livan xarici müdaxilələrin mümkün qədər minimuma endirilməsinə çalışır. Əsasən də İranın təsir dairəsində olan güclərin İsraillə müharibəyə şərait yaratdığını bir növü etiraf edir. Ölkədəki İran təsirində olan qrupların deyil, dövlətin güclənməsinin və qorunmasının vacibliyi Livan hökuməti üçün prioritet təşkil edir. İran rəsmiləri ilə Livan
rəsmiləri arasında bu cür siyasi toqquşmalar son zamanlar aktual xarakter alıb. İranın xarici işlər naziri Abbas Əraqçıya cavab verən Livan xarici işlər naziri Raci bəyan edib ki, Vilayətinin açıqlaması Tehran rəsmilərinin müdaxilə olmadığını iddia edən sözləri ilə ziddiyyət təşkil edir. Buradan da aydın olur ki, İran daxilində siyasi dövlət dairələrində xarici siyasətlə bağlı ziddiyyətlər var və islahatçılarla mühafizəkarların fərqli mövqeləri strateji məsələlərə sirayət edir. Bu da Prezidentin komandası ilə dini liderin dairəsi arasındakı mövqe fərqliliyini təzahür etdirir ki, bir dövlətin ikili münasibəti ortaya çıxmış olur.
Lakin Livan rəsmisinin sözlərinə görə, ölkə üçün prioritet Hizbullah deyil, dövlətin suverenliyinin qorunmasıdır. Şübhəsiz ki, ölkə daxilindəki qrupların yalnız müstəqil siyasi fəaliyyətlə məşğul olması, dövlətin suverenliyinə təhlükə yaradacaq alternativ güc, təsir qüvvəsi yaratmaması halında Livan hökuməti onların fəaliyyətinə qarşı olmadığını da izhar edir. Fəqət İranın İsraillə gərgin münasibəti zəminində Livandakı təşkilatlar vasitəsilə ölkənin rəsmi mövqeyinə və müəyyən etdiyi siyasi strategiyaya alternativ mövqe sərgiləməsi, hətta xarici dövlət rəsmilərinin də buna qarışması artıq dövlət səviyyəsində ciddi etirazlara səbəb olur.