Ötən gecə 3 nəfərin öldüyü, 20-dən çox şəxsin tüstündən zəhələndiyi yanğının baş verdiyi Yasamaldakı çoxmərtəbəli yaşayış binasının sakinləri arasında tanınmış hərbi jurnalist Heydər Mirzə də olub.
News365.az xəbər verir ki, o, hadisə zamanı dostu ilə birlikdə 12-ci mərtəbədə yerləşən mənzilində olduğunu bildirib. Jurnalist bu barədə sosial media hesabında paylaşım edib.
Yanğın anından video paylaşan Heydər Mirzə mənzilə hər dəlikdən tüstü daxil olduğunu, 4-cü mərtəbəyə qədər düşə bildiklərini, lakin yenidən çətinliklə evə qayıtmaq məcburiyyətində olduqlarını yazıb.
“Alovdan ölmək tüstüdən ölməkdən yaxşı imiş... Pişiklər də hərəsi bir tərəfdə gizlənib, bilmirəm haradadılar”, - deyə H. Mirzə bildirib.
Jurnalist yanğına görə binanın altında yerləşən “LOFT” restoranını ittiham edib. O, güclü tüstü ilə müşayiət edilən hadisəyə restoranın səbəb olduğunu iddia edib. Onun sözlərinə görə, hadisə vaxtı yanğın olmayıb, binanın şaxtasından güclü tüstü yayılıb və tikilinin dəhlizlərini bürüyüb.
Restoranın binanın qarajının bir hissəsini zəbt etdiyini həmçinin əxlaqsızlıq yuvası kimi də fəaliyyət göstərdiyini iddia edən Heydər Mirzə məsələ ilə bağlı bir müddət əvvəl Yasamal Rayon Məhkəməsinə müraciət etdiklərini əlavə edib. O qeyd edib ki, birinci instansiya məhkəməsi “LOFT”un xeyrinə qərar çıxardığından sakinlər olaraq apellyasiya instansiyasına müraciət etməyi planlaşdırıblar.