“Xocalıda törədilən qətliam təkcə Azərbaycanlılara yox, ümumilikdə insanlığa qarşı törədilmiş bir cinayətdir. Çünki, bu qətliamın müharibə ilə, işğalla heç bir bağlılığı yoxdur. Xocalı sakinləri məhz azərbaycanlı olduqları üçün qətl edildilər, işgəncələrə və təhqirlərə məruz qaldılar.Bu isə mıhz soyqırımıdır”.
Bunu News365.az-a müsahibəsində “Bakı Nəqliyyat-6” ASC-nin sədri Mirqiyas Sarıyev deyib. O bildirib ki,biz tarixdə çox müharibələr görmüşük:
“Bu müharibələrin heç birində mülki əhali kütləvi şəkildə qətl edilməyib. Əksinə, mülki əhaliyə toxunulmaylb. Fikrimin sübutu üçün 2023-cü ilin sentyabr ayının 19 və 20-də Qarabağda keçirilən lokal antiterror tədbirlərinin nəticəsi xatırlatmaq istəyirəm. Azərbaycanın silahlı qüvvələri Qarabağı separatçılardan və Ermənistanın ordu birləşmələrindən azad edəndə mülki əhaliyə nəinki toxunulmadı, hətta onlara maddi və tibbi yardımlar edildi. Təsadüfi deyil ki, bu gün Xankəndində xeyli sayda erməni yaşayır. Və onlar erməni olduqlarına görə heç bir diskriminasiyaya məruz qalmırlar.Bu da Azərbaycan xalqının böyüklüyünün, Azərbaycan əsgərinin humanistliyinin göstəricisidir, sübutudur.
Amma bu sözləri Ermənistan dövləti və millətçiləri haqqında demək mümkün deyil. Onlar insanlığa ləkə, insanlığa təhqidilər. Ona görə də Xocalı soyqırımından 33 il keçməsinə baxmayaraq heç nə unudulmayıb, heç nə yaddan çıxmayıb. Və bundan sonra da heç zaman ermənilərin Xocalıda törətdikləri vəhşilik unudulmayacaq”.
Mirqiyas Sarıyev qeyd edib ki, Müzəffər Ali Baş Komandanımızın və qəhrəman Azərbaycan əsgərinin sayəsində qisas qiyamətə qalmadı:
“Xocalı işğalçılardan azad edildi. Yerli sakinlər yenidən öz dədə-baba yurdlarına qayıtdılar. Amma Xocalı soyqırımında iştirak edən konkret şəxslərə qarşı məhkəmə qərarları və rəsmi ittihamlar zəruridir. Ermənistan bu problemi ört-basdır etmək, təhrif etmək və unutdurmaq üçün hər şeyi edir və edəcək. Buna heç bir şübhə yoxdur. Amma belə cinayətlər üçün vaxt məhdudiyyəti yoxdur. Günahkarların hər biri müəyyən edilməli, adları çəkilməli və cəzalandırılmalıdır”.
Müsahibimiz onu da vurğulayıb ki, ötən ilin fevral ayının 26-da Azərbaycan Prezidenti İlham Əliyev soyqırımının 32-ci ilində Xocalıda yerli sakinlərlə görüşdü:
“Onlara Xocalının əvvəlkindən daha müasir və gözəl qurulacağına söz verdi. Ötən bir ildə bu vədin təntənəsini, yüksək səviyyədə icrasını gördük. Artıq xocalıların bir qismi doğma şəhərlərinə qayıdıb. Yaxın zamanda isə digər sakinlər də öz dədə-baba ocaqlarına qayıdacaqlar. Ötən günsə Ölkə başçısı daha bir vacib qərar verdi. Beləki, Xocalı şəhərində soyqırım qurbanlarının xatirəsini əbədiləşdirmək üçün kompleks inşa ediləcək. Bu isə artıq bu qanlı hadisənin tarixin yaddaşına əbədi olaraq həkk edilməsi deməkdir”.