Azərbaycanın Milli Qəhrəmanları Hökumə Əliyeva və Aleksandr Kalyaninovun ailə üzvləri Qazaxıstanın Aktau şəhərinə gediblər.
News365.az xəbər verir ki, bu barədə Hökumə Əliyevanın qardaşı Coşqun Nəsibli məlumat verib.
Onun sözlərinə görə, məqsəd hadisə yerini ziyarət etməkdir: “Axşam saatlarında Qazaxıstana gəlmişik. Aktau yaxınlığında hadisənin baş verdiyi ərazini ziyarət edəcəyik. Mən, atam və Hökumə xanımın yoldaşı, bir də Aleksandr Kalyaninovun anası Yelena Kalyaninova gəlib. Ziyarət edib bir gün sonra vətənə dönəcəyik”.
Qeyd edək ki, H.Əliyeva və A. Kalyaninovun yaxınları hadisə baş verən əraziyə ilk dəfə gediblər.
Xatırladaq ki, bu ilin mart ayında hava gəmisinin kapitanı İqor Kşnyakinin ailəsi də faciənin baş verdiyi əraziyə getmişdi.
AZAL təyyarəsi ötən il dekabrın 25-də Aktau yaxınlığında qəzaya uğrayıb. Həmin vaxt hava gəmisinin göyərtəsində 67 nəfər olub, onlardan 38-i həlak olub.
Həlak olmuş pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və bələdçi Hökumə Əliyeva II Fəxri xiyabanda dəfn olunublar. Prezident İlham Əliyevin imzaladığı Sərəncamla onlara “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.