İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşü Xankəndidə keçirildi. Qarabağ – Azərbaycanın ayrılmaz hissəsi – bu dəfə həm regional ölkələri, həm də beynəlxalq ictimaiyyəti təmsil edən bir məkan olaraq çıxış etdi.
Milli Məclisin deputatı Rasim Musabəyov News365.az-a açıqlamasında bildirib ki, zirvə görüşü təkcə siyasi deyil, həm də geoiqtisadi baxımdan mühüm mesajlar verdi.
Deputat qeyd edib ki, zirvədə İran prezidentinin iştirakı bəzi erməniləri təəccübləndirib:
“Çünki İranın Ermənistanın revanşist planlarını dəstəklədiyi bir vaxtda, bu tədbirdə iştirak etməsi gözlənilməz idi. Eyni zamanda, İran daxilində Azərbaycanla bağlı müəyyən şayiələr yayılıb. Məsələn, Azərbaycanın İrana dron göndərdiyinə dair iddialar səsləndirilib.”
Musabəyov vurğulayıb ki, İran Azərbaycanla dostluq münasibətlərini davam etdirməyə çalışır:
“Tərəflər arasında əlaqələrin dərinləşdirilməsi niyyəti var. Lakin İran sanksiyalar altındadır və bu səbəbdən ikitərəfli planların həyata keçirilməsi çətinləşir. Çirkli pulların yuyulması ilə bağlı ittihamlar da bu vəziyyəti daha da ağırlaşdırır.”
Deputatın sözlərinə görə, bu zirvə çoxtərəfli əməkdaşlıq üçün yeni imkanlar açmaq potensialına malikdir:
“Əgər İran sanksiyalardan çıxarsa, bu, regional təşkilatların daha effektiv fəaliyyət göstərməsinə şərait yaradar. Lakin bəzi maneələr qalmaqdadır. Məsələn, İran hələ də Xəzər Konvensiyasını imzalamayıb və bu, Xəzərlə bağlı maraqların tam dəqiqləşdirilməsinə mane olur.”
Musabəyov hesab edir ki, Azərbaycan, Türkiyə və İranın iştirakı ilə keçirilən bu görüş ikitərəfli və çoxtərəfli planların həyata keçirilməsi baxımından çox əhəmiyyətli idi. O əlavə edib:
“İranın təhlükəsizliyinin sabitləşdirilməsi üçün Pakistan, Azərbaycan, Türkiyə və İraq arasında sıx siyasi münasibətlər qurulmalıdır. Bu halda İran heç bir şəkildə təhdid olunmamalıdır.