Rusiya alimləri Yerin qonşularından biri olan Venerada həyat izləri axtaracaq xüsusi avtomatik missiya üçün layihə hazırlayıblar. Bu layihənin yaradılmasında Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun, "NPO Lavoçkin" və digər tədqiqat təşkilatlarının mütəxəssisləri iştirak ediblər.
"Tədqiqatçılar Veneranın səthində azot və silikon birləşmələrinə əsaslanan bioloji orqanizmlərin formalarının inkişaf edə biləcəyini ehtimal edirlər. Bundan əlavə, planetin 52-58 kilometr yüksəklikdəki bulud qatında, temperatur və təzyiqin Yerdəkinə oxşar olduğu yerlərdə bakteriyalar ola bilər",-“İzvestiya” bu barədə layihə rəhbəri, RAN-ın elmi direktoru Lev Zeleniyə istinadən yazıb.
Zeleni qeyd edib ki, ekspedisiyanın göndərilməsi üçün ən uyğun vaxt 2031-ci ildir. Bundan əlavə, Rusiya Veneranı araşdırmaq cəhdlərində tək deyil. ABŞ, Çin, Hindistan və Avropa İttifaqında da layihələr hazırlanır.
Qeyd edək ki, Veneranın səthində yer üzündəki kimi həyat mümkün deyil. Çünki orada temperatur təxminən 500 dərəcə Selsiyə çatır. Bununla belə, karbon əsaslı olmayanlar da daxil olmaqla, orada başqa həyat formaları mövcud ola bilər.
Tural