Ukraynanın Bakıdakı səfirindən Zaxarovaya SƏRT CAVAB

Ukraynanın Bakıdakı səfirindən Zaxarovaya SƏRT CAVAB
31 İyl 2025 14:19

Ukrayna Təhlükəsizlik Xidməti Rusiya ilə Azərbaycan arasında mövcud ziddiyyətlərdən milli zəmində nifrət salmaq üçün istifadə etməyə hazırlaşır.

News365.az xəbər verir ki, bu iddianı Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova səsləndirib.

“Rusiyadan gedənlər vasitəsilə mükafat müqabilində Rusiya bayrağı altında Azərbaycan vətəndaşlarına, nümayəndəliklərinə və mədəniyyət obyektlərinə qarşı təxribat törətmək planlarından xəbərimiz var. İdeya ondan ibarətdir ki, bu cür təxribatlar uğurla həyata keçirilərsə, Azərbaycan, Türkiyə və Avropa media məkanında Rusiyanın hansısa təcavüzü ilə bağlı məlumatlar yayılsın”, - o qeyd edib.

Zaxarovanın bəyanatına Ukrayna tərəfinin cavabı gecikməyib. Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev haqqin.az-a açıqlamasında bu iddiaları yalan və dezinformasiya adlandırıb.

“Terror aktları, milli zəmində qarşıdurmaların təşkili, dinc vətəndaşların öldürülməsi – bütün bunlar Rusiya xüsusi xidmət orqanlarının tanınmış və dəfələrlə ifşa olunmuş fəaliyyət üsullarıdır. Bu, müasir Rusiyanın acı reallığıdır”, – deyə səfir bildirib.

Qusevin sözlərinə görə, Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Rusiya xüsusi xidmətlərindən tam fərqli olaraq, xalqını və dövlətçiliyini xarici müdaxilədən, terror və diversiyalardan qorumaqla məşğuldur:

“UTX-nin effektiv fəaliyyəti artıq dünya miqyasında tanınmış və müasir tarix dərsliklərinə daxil edilmişdir. Ukrayna ilə Azərbaycan arasında güclü dostluq, qarşılıqlı etimad və strateji tərəfdaşlıq mövcuddur. Bu əməkdaşlıq bəzi qüvvələri ciddi narahat edir. Həmin qüvvələr isə adətən yalnız təxribat və aqressiya yolu ilə hərəkət etməyə alışmış qüvvələrdir. El arasında deyildiyi kimi, ‘oğrunun papağı alışar'”, – deyə Yuri Qusev vurğulayıb.


Sizin reklam burada
Sizin reklam burada