Məlum olduğu kimi, bir neçə gün əvvəl Ağ Evdə ABŞ və Fransa prezidentləri Donald Trampla Emmanuel Makron arasında görüş keçirilib.
News365.az xəbər verir ki, iki ölkə liderinin görüşü ilə yanaşı başqa bir detal da sosial şəbəkələrdə gündəmə gəlib.
Belə ki, Trampla Makronun birgə mətbuat konfransı zamanı çəkilən fotoların birində ABŞ liderinin sağ əlinin üzərində tünd göy rəngdə ləkə görmək mümkün olub.
Bunun ardınca sosial şəbəkələrdə Trampın səhhəti və ləkənin mümkün səbəbi ilə bağlı müzakirələr başlayıb. Bəzilərinin fikrincə, bu ləkə qandurulducu dərmanların təsirindən yarana bilər.
Bu fərziyyələrdən sonra Ağ Ev məsələ ilə bağlı açıqlama verib və Trampın əlindəki böyük ləkəni onun daim ictimaiyyət nümayəndələri ilə əl sıxaraq salamlaşması ilə izah edib.
Onu da qeyd edək ki, bu, Trampın əlində belə bir ləkənin peyda olması ilk hal deyil. Belə ki, 2024-cü ildə də mediada 78 yaşlı ABŞ liderinin əlində oxşar ləkəni əks etdirən fotolar yayılmışdı. Tramp o zaman da bunun minlərlə insanla əllə salamlaşması nəticəsində yarandığını bildirmişdi.