Rusiya-Ukrayna müharibəsinin dayandırılması istiqamətində diplomatik təmaslar davam etsə də, tərəflərin mövqelərində ciddi fikir ayrılıqları qalmaqdadır. ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri vasitəsilə Kiyev və Moskva ilə danışıqlar aparması yeni təkliflərin gündəmə gələcəyi ehtimalını artırır.
Politoloq Fikrət Sadıqov News365.az-a açıqlamasında bildirib ki, Trampın xüsusi nümayəndələri danışıqlar prosesində fəal iştirak edir, Kiyev və Moskvaya səfərlər həyata keçirirlər.

Onun sözlərinə görə, yaxın müddətdə tərəflərə yeni təkliflərin təqdim olunması mümkündür:
“Onların xüsusi nümayəndələri var. Müxtəlif təkliflər irəli sürülür, səfərlər həyata keçirilir. Mən Voytkevski və Kuşneri nəzərdə tuturam. Onlar həm Kiyevdə, həm də Moskvada olurlar. Düşünürəm ki, çox güman, yeni təkliflər irəli sürüləcək”.
Politoloq qeyd edib ki, bu təkliflərin həm Rusiya, həm də Ukrayna tərəfindən qəbul ediləcəyinə indidən əmin olmaq mümkün deyil. Onun fikrincə, Trampın Putinlə telefon danışığından sonra müəyyən reallıqlar və yeni yanaşmalar gündəmə gələ bilər.
“Tramp böyük bir dövlətin başçısıdır və çox güman ki, onun müəyyən ümidləri var. Putinlə telefon danışığından sonra yeni reallıqların gündəmə gəlməsi mümkündür. Amma məsələ ondadır ki, tərəflərin mövqeləri kifayət qədər radikal və sərtdir”, – deyə Fikrət Sadıqov vurğulayıb.
Politoloqun fikrincə, müharibənin yalnız bir tərəfin tam üstünlüyü ilə başa çatması real görünmür. Buna görə də əsas çıxış yolu kompromis və ilk növbədə atəşkəsin əldə olunmasıdır.
“Ya Ukrayna təslim olmalıdır, ya da Rusiya bütün Ukraynanı işğal etməlidir kimi yanaşmalar reallığa uyğun deyil. Deməli, müəyyən kompromis olmalıdır. Ən azı atəşkəs elan edilməlidir. Hazırda əsas məsələ budur”, – deyə ekspert bildirib.
Fikrət Sadıqov hesab edir ki, Tramp ilkin mərhələdə tərəfləri atəşkəsə razı sala bilsə, bu, onun müharibənin dayandırılması ilə bağlı vədinin reallaşması istiqamətində mühüm addım ola bilər.
“Əgər Tramp buna nail olsa, heç olmasa ilkin mərhələdə, bu, onun dediklərinin müəyyən mənada reallığa çevrilməsi demək olar”, – deyə politoloq əlavə edib.