ABŞ- də tarixi və dəhşətli meşə yanğınları səngiməkdədir. Los-Anceles sakinləri bölgədə baş verən güclü meşə yanğınlarından sonra evlərinə qayıtmağa başlayıblar.
Bu barədə “İzvestiya” məlumat yayıb. Nəşrin müxbiri Nikolay Masterov salamat qalmış evlərinə qayıdan yerli sakinlərlə danışıb.
Məqalədə qeyd edilib ki, yanğın nəticəsində bir çox ev tamamilə dağılıb. Onların yerində indi yalnız tüstü qalxan xarabalıqlar var. Xüsusən də yanğın ikimərtəbəli yeddi mənzilli binalara aman verməyib.
Yerli sakinlər Keti və Karen təəssüratlarını belə bölüşüblər: "Damlara xüsusi çiləyicilər quraşdırdıq və evlərə mümkün qədər çox su tökdük. Bundan sonra şəhərdən getdik. Artıq evlərimizə qayıtmışıq. Külək o qədər güclü olub ki, həyətdəki palma ağaclarını belə aşırıb".
Xatırladaq ki, ABŞ-də, xüsusən də Los-Ancelesdə tüğyan edən meşə yanğınları ilə əlaqədar fövqəladə vəziyyət elan edilib. Yanğın əvvəlcə şəhərin dəbdəbəli "Pacific Palisades" məhəlləsini əhatə edib. Şəhərin yanğınsöndürmə idarəsi hər kəsi yanğınların qarşısının alınmasına çağırıb.
Kaliforniyanı bürüyən meşə yanğınları isə ermənilərin sıx yaşadığı şəhərlərə, xüsusən də Qlendeylə qədər çatıb. Son məlumatlara görə, iki nəfər ölüb, 70 min nəfər təxliyə edilib. Yanğının söndürülməsinə 1500 yanğınsöndürən cəlb olunsa da, güclü külək onların işinə mane olur.
Tural