Mayın 24-də Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşada “Xarıbülbül” VIII Beynəlxalq Musiqi Festivalı öz işinə başlayıb.
News365.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin “Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında” Sərəncamından irəli gələrək builki festival dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140-cı ildönümünə həsr olunub.
Festivala Cıdır düzündəki açılış konsertində Üzeyir Hacıbəylinin “Ey Vətən” əsəri ilə start verilib. Konsertdə Üzeyir Hacıbəyli ilə, Arif Məlikov, Asəf Zeynallı, Əfrasiyab Bədəlbəyli, Fikrət Əmirov, Qara Qarayev, Müslüm Maqomayev, Niyazi, Oqtay Zülfüqarov, Tofiq Quliyevin əsərləri səslənib.
Bu il də “Xarıbülbül”ə yerli incəsənət xadimləri ilə yanaşı, digər ölkələrdən də musiqi kollektivləri və solo ifaçılar gəlib. Elə festivalın əsas məqsədlərindən biri də mədəni dialoqun inkişafına töhfə vermək, mütəxəssislər arasında fikir mübadiləsini təşviq etmək və gənc musiqiçilərin yaradıcılığını dəstəkləməkdir.