Süni intellekt və avtomatlaşdırma əmək bazarında yeni imkanlarla yanaşı, işçilərin hüquqlarının qorunması və məşğulluğun gələcəyi ilə bağlı mühüm suallar da yaradır. Bu çağırışlar fonunda həmkarlar ittifaqlarının üzərinə düşən vəzifələr beynəlxalq forumda müzakirə olunub.
Politoloq Tural İsmayılovun News365.az-a verdiyi məlumata görə, Qazaxıstanın paytaxtı Astanada “Süni intellekt dövründə rəqəmsal transformasiya, həmkarlar ittifaqlarının rolu və əmək hüquqlarının müdafiəsi” mövzusunda beynəlxalq forum keçirilib.
Qazaxıstan Həmkarlar İttifaqları Federasiyasının təşkilatçılığı ilə baş tutan tədbirdə Beynəlxalq Əmək Təşkilatının, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndələri və müxtəlif ölkələrin həmkarlar ittifaqlarının rəhbərləri iştirak ediblər.
Forumda qlobal əmək bazarındakı dəyişikliklər, yeni məşğulluq formaları, peşə hazırlığı, işçilərin əmək hüquqlarının müdafiəsi və sosial təminatı, eləcə də dəyişən əmək şəraitində həmkarlar ittifaqlarının rolu müzakirə edilib.
Tədbir çərçivəsində keçirilən “Avtomatlaşdırma və məşğulluq: ədalətli keçid” adlı panel sessiyasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov da çıxış edib. O, rəqəmsal transformasiya prosesində insan amilinin qorunmasının, işçilərin əmək hüquqlarının və sosial müdafiəsinin təmin edilməsinin vacibliyini vurğulayıb.
Bildirilib ki, texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar insanların daha səmərəli, təhlükəsiz və layiqli əmək şəraitində çalışmasına xidmət etməlidir.
Sahib Məmmədov Azərbaycanda rəqəmsal və yaşıl transformasiyanın yaratdığı çağırışlara uyğun olaraq, işçilərin peşəkar inkişafı və yeni bacarıqların formalaşdırılması istiqamətində sistemli tədbirlərin görüldüyünü qeyd edib. Bu məsələlərin dövlət başçısının diqqət mərkəzində olduğu vurğulanıb.
Həmçinin qeyd edilib ki, Azərbaycanda “2025–2028-ci illər üçün süni intellekt Strategiyası” qəbul olunub. Strategiyanın həyata keçirilməsi, rəqəmsallaşma və innovasiya sahələrində idarəetmə və nəzarətin təşkili məqsədilə Birinci vitse-prezidentin rəhbərliyi ilə Rəqəmsal İnkişaf Şurası yaradılıb.
Forumda, eyni zamanda, süni intellekt dövründə həmkarlar ittifaqlarının qarşısında duran yeni vəzifələr, əmək münasibətlərində rəqəmsal dəyişikliklərin yaratdığı təsirlər və beynəlxalq əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.