"Sosial mediada nəsə yazmaqla insan ekspert hesab olunmur"

"Sosial mediada nəsə yazmaqla insan ekspert hesab olunmur"
12:53

Mayın 24-də keçirilən mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbul imtahanlarının qiymətləndirilməsi prosesində ekspertlərin iştirakına dair mühüm açıqlamalar verib.

Onun sözlərinə görə, qiymətləndirmə mərhələsində minlərlə müəllim fəaliyyət göstərir və hər sual iki ekspert tərəfindən yoxlanılır. Yazılı işlər isə təxminən 20 nəfər tərəfindən qiymətləndirilir. Əgər iki müəllimin qiymətləndirməsi üst-üstə düşmürsə, iş yenidən nəzərdən keçirilir. O, bu prosesin çox mürəkkəb və çoxşaxəli olduğunu vurğulayıb.

DİM sədri həmçinin mediatur zamanı yalnız iki ekspertin iştirak etdiyini qeyd edib, digər şəxslərin isə sosial şəbəkələrdə tənqidi yazılarla məşğul olduqlarını bildirib:

"Sosial mediada paylaşım etmək ekspert statusu üçün kifayət deyil. Ekspertlərin hər şeydən əvvəl yüksək vicdanlı olmaları vacibdir. Mən başa düşə bilmirəm ki, bu insanlara ekspert adını kim verib. Onların ali və ya orta məktəbdə nə qədər müddət dərs dedikləri, hansı elmi məqalələri yazdıqları və beynəlxalq konfranslarda iştirakları barədə aydınlıq olmalıdır".

O, xüsusilə Facebook və TikTok kimi sosial platformalarda fikir bildirməyin ekspert olmaq üçün yetərli olmadığını vurğulayıb:

"Sosial mediada nəsə yazmaqla insan ekspert hesab olunmur. Təhsil səviyyələri, bitirdikləri universitetlər və daxil olduqları ballar açıq şəkildə məlum olmalıdır. Yalnız bu zaman kimlərin həqiqətən ekspert olduğunu görə bilərik. Bəziləri sadəcə məşhurlaşmaq və müəyyən gəlir əldə etmək məqsədilə bu tip fikirlər səsləndirirlər. Lakin ictimai fikir onların təsiri ilə formalaşmır".

O əlavə edib ki, real ictimai rəy əsasən təhsil sahəsinin peşəkarları ali məktəb, orta ixtisas və ümumtəhsil müəllimləri tərəfindən yaradılır:

"İctimai fikir deyəndə mən əsasən təhsil mütəxəssislərini nəzərdə tuturam. Onlar vəziyyəti obyektiv qiymətləndirirlər".

DİM rəhbəri imtahan nəticələrinin tam şəffaf olduğunu və abituriyentlərin, valideynlərin istədikləri zaman nəticələrə baxa biləcəyini də bildirib:

"Əgər müəllimlər əvvəlcədən deyirsə ki, şagird yaxşı oxuyur, amma qiymətləndirmədə səhv var, bu, onların özlərini haqlı göstərmək cəhdidir. Əslində isə qiymətləndirmə prosesi açıq və obyektiv şəkildə aparılır".


Sizin reklam burada
Sizin reklam burada