III qrupu seçən abituriyentlərə XƏBƏRDARLIQ - Gələcəklərini riskə ATIRLAR

III qrupu seçən abituriyentlərə XƏBƏRDARLIQ - Gələcəklərini riskə ATIRLAR
15:13

Xəbər verdiyimiz kimi, Dövlət Məşğulluq Agentliyinin hazırladığı  "Məzunların məşğulluq reytinqi"nə əsasən məzunları ən çox iş tapan universitetlər bəlli olub.

Siyahıda ölkədə fəaliyyət göstərən universitetlərin  məzunlarının iş tapması faiz göstəriciləriylə qeyd olunsa da, ilk 5 yerdə Bakı Ali Neft Məktəbi, ADA Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Dövlət İdarəçilik Akademiyası dayanır.

Maraqlıdır ki, ilk sıralarda qeyd olunan  universitetlər daha çox I və II qruplar üzrə ixtisasların tədris olunduğu universitetlərdir. Belə görünür ki, III ixtisas qrupu üzrə qəbul olanlar məzun olduqdan sonra iş tapmaqda nisbətən çətinlik çəkirlər.

Bəs səbəb nədir? III qrupu seçmək abituriyentlərə gələcəkdə iş tapmaq imkanı vəd etmir?

Mövzuyla bağlı təhsil eksperti Elmin Nurinin fikirlərini öyrənib. Ekspert vurğulayır ki, III ixtisas qrupu ilə bağlı məsələ artıq ictimaiyyətin də diqqətini çəkir.

“Bu il daha çox İT profilli ixtisaslara plan yerləri ayrılır”.

“Universitetlərə ayrılan plan yerləri III ixtisas qrup üzrə ildən-ilə azalmaqdadır. Bu, təbii ki, təsadüfi deyil. Xüsusi araşdırmalardan, ciddi tədqiqatlardan sonra hazırda və qarşıdakı illərdə əmək bazarında hansı ixtisaslara daha çox tələbatın olması araşdırılır və bu özünü universitetlərə ayrılan plan yerlərində də dəqiq şəkildə əks etdirir.

Diqqət edək: Məsələn, 4 il bundan sonra üçün (2029-cu il üçün) bizə əmək bazarında İT bilikləri yüksək, bu profilli kadrlar lazımdırsa, deməli, biz 4 il sonra ya kadrların formalaşdırılması üçün bu il daha çox İT profilli ixtisaslara plan yerləri ayrılır. Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalının hər il çap etdirdiyi 4-cü sayında bu statistikanı ətraflı şəkildə görmək mümkündür. Xüsusən də dövlət sifarişli plan yerlərinin artırıldığı ixtisaslar gələcəkdə əmək bazarında daha çox lazım olacaq sahələr kimi qəbul edilməlidir”.
 

Elmin Nuri deyir ki, III ixtisas qrup daha çox pedaqoji əsaslı və ictimai-humanitar profilli ixtisaslardan təşkil olunduğu üçün o təbii ki, dövrün əsas tələbatı olan ixtisasların cəm olunduğu I və II ixtisas qruplarına məğlub olacaq.


“Bir zamanlar III ixtisas qrupunda başda pedaqoji olmaqla, DT və XH altqruplarlına tabe olan ixtisaslar üçün xeyli plan yerləri artırılırdı. Bu, isə sonradan əmək bazarında ciddi xaosa gətirib çıxardı. Məsələn, tutaq ki, bir ildə bizə pedaqoji əmək bazarında təxminən, 500 riyaziyyat müəllimi lazım idisə, işləmək istəyən, ixtisaslı riyaziyyat müəllimlərinin sayı deyək ki, 6500 idi.

Təbii ki, hər iki rəqəm şərtidir. Amma aralarında fərq intervalı reallıqdan qətiyyən fərqlənmir. Odur ki, bütün bu detallar nəzərə alınaraq, III ixtisas qrupunda xüsusən də pedaqoji ixtisaslarla bağlı plan yerləri azaldıldı. Plan yerlərinin azlığı da kadr hazırlığında kəmiyyət sayına ciddi təsir etdi və nəticədə də vurğuladığınız mənzərə yaranmış oldu”.

Müsahibimiz III qrup üzrə ehtiyac limitini nizamlamaq məsələsinə də diqqət çəkib.

“Bu, o demək deyil ki, III ixtisas qrupuna aid ixitisaslar bizə gələcək üçün heç nə vəd etmir. Təbii ki, əmək bazarının bu profillərə də ciddi ehtiyacı var. Amma burada ehtiyac limitini nizamlamaq əsas şərtdir. Rəqəmsal dünyaya keçid etdiyimiz ərəfədə III ixtisas qrupuna aid humanitar profilli ixtisaslar dominantlığını heç cür təsəvvür edə bilmərik. Çünki bir çox məsələləri biz yox, yaşadığımız dövr özü diktə edir.
 

Məhz dövrün diktəsi məlum siyahıda universitetlərin sıralamasına da ciddi təsir göstərmiş oldu. Həmin universitetlər yaşadığımız cəmiyyətin, içində olduğumuz iqtisadi arealın tələbləri əsasında məlum reytinq balı yığa biliblər. Çünki məlumdur ki, neft sektorunun hələ də dominant olduğu məkanda bu profilli ixtisasların məzunlarının işlə təmini daha çox ola bilər.


Həmçinin, İT profili üzrə də bunu demək mümkündür. Universitetlərin bir çoxu isə tədris etdiyi ixtisaslar üzrə həm profilləşib, həm də müəyyən ənənə yaradıblar. Hazırda həmin ixtisasları dövrün tələbinə necə uyğunlaşdırmaq, əmək bazarı üçün necə əlverişli hala gətirməklə bağlı ciddi işlər görülməlidir”,- deyə Elmin Nuri qeyd edib.


Sizin reklam burada
Sizin reklam burada