“Çayın tərkibindəki kofein və antioksidant maddələrin orqanizmə bir çox faydaları var”.
Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.O bildirib ki, kofein qısa zamanda yorğunluğu aradan qaldırır:
“Xüsusilə günün birinci yarısında istifadə olunursa, daha gümrah olmağa, müəyyən virus mənşəli xəstəliklərlə mübarizəyə və immun sisteminin artmasına yardım edir. Yaxşı olar ki, gündə 3-4, yaxud həcmindən asılı olaraq, 6 stəkan çay tükədilsin. Təzə dəmlənmiş çaydan istifadə tövsiyə edilir. Təxmini 15 dəqiqə dəm almış çayı 40 dəqiqə ərzində istifadə etmək olar. Bir saatdan artıq qalanları tükətmək məsləhət deyil. Bu zaman çayın tərkibində fermentləşmədən qaynaqlanan bir çox proseslər gedir, xüsusilə həzm prosesinin pozulmasına, diş minalarının zədələnməsinə, saralmasına, ağız boşluğunda müəyyən yaraların əmələ gəlməsinə gətirib çıxarır”.
Mütəxəssis qeyd edib ki, kəklikotu, mixək və nanədən əlavə dadlandırıcı kimi istifadə etmək mümkündür:
“Onlar hər hansı allergik reaksiyaya səbəb olmur. Ancaq mütəxəssislərlə məsləhətləşmədən bitki çaylarını içmək olmaz. Çünki bəzilərində ödqovucu, sidikqovucu və hipertoniyaya təsir etmək kimi xüsusiyyətlər var. Bu da xroniki xəstəliklərdə vəziyyətin şiddətlənməsinə, fəsadlara yol aça bilər. Müalicə məqsədli istifadə olunan bitki çayları 3-7 gün arasında qəbul olunmalıdır. Belə çayların uzunmüddətli istifadəsi tövsiyə edilmir. Çay şirniyyatla qəbul olunursa, kalorinin artmasına gətirib çıxarır və xüsusilə qanda dəmir azlığı yaradır. Yaxşı olar ki, insanlar çayı az miqdarda meyvə quruları ilə tükətsinlər”.