“Travmadan sonra insanlar adətən sual verir: “Buz qoymaq lazımdırmı?” Cavabımız birmənalı olaraq bəli, amma doğru tətbiqlə”.
News365.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi İnstaqram hesabında canlı yayımda nazirliyin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu Baş həkimi Nizami Məmmədov açıqlayıb.
Onun sözlərinə görə, buz tətbiqi birbaşa sınığın müalicəsi deyil, ilk yardımın bir hissəsidir:
“Yəni sümüyü düzəltmir və ya sınığı sağaltmır. Amma bəzi mühüm faydaları var: sınıq zamanı toxumalarda qan və maye yığıldığı üçün nahiyədə ödem, yəni şişkinlik yaranır. Soyuq tətbiqi damarların daralmasına səbəb olaraq maye axınını azaldır və şişməni minimuma endirir. Soyuq təsiri ilə sinir uclarının fəaliyyəti yavaşlayır və bu, xəstədə ağrı hissini azalda bilir. Bu, xüsusilə həkimə çatana qədər keçici rahatlıq təmin edə bilər.
Buz tətbiqi zədələnmiş nahiyədə qan damarlarını yığaraq, içəridə qan sızmasını azaldır. Bundan əlavə, buz damarların daralmasına səbəb olur, bu da şişkinliyi azaldır, ağrını yüngülləşdirir və toxumaların daha az zədələnməsinə şərait yaradır”.
N.Məmmədov bildirib ki, ən effektiv istifadə müddəti zədədən sonrakı ilk 24–48 saatdır:
“Burada vacib bir detal var: buz birbaşa dəriyə qoyulmamalıdır, araya nazik parça qoyulmalıdır. Seanslar maksimum 15–20 dəqiqə çəkməli və təkrarlanmalıdır. Amma bu yalnız ilkin tədbirdir. Buz ağrını azalda bilər, amma sınığın özünü sağaltmaz. Zədənin dərəcəsini müəyyən etmək üçün həkim müayinəsi mütləqdir. Nəticə olaraq, buz sınıq nahiyəsində ağrı və şişkinliyin azalmasında faydalı olsa da, əsas müalicə üsulu deyil. O, sadəcə düzgün və vaxtında göstərilən ilkin yardımın bir hissəsidir”.