Bu ilin ilk dörd ayı ərzində kiber üsulla vətəndaşların bank kartlarından 6 milyon manatdan çox vəsait oğurlanıb.
News365.az Report-a istinadən xəbər verir ki, bunu Daxili İşlər Nazirliyi (DİN) İnformasiya və Kibertəhlükəsizlik şöbəsinin rəisi Hikmət Məmmədov Naxçıvanda keçirilən "Kiber Suverenlik" konfransında deyib.
O qeyd edib ki, kiberməkan ciddi real iqtisadi təhlükə mənbəyidir və bu səbəbdən hər kəs ictimai mövqeyindən asılı olmayaraq diqqətli davranmalıdır:
“2024-cü ildə kart fırıldaqçılığı nəticəsində vətəndaşlara 22 milyon manatdan çox zərər dəyib. 2025-ci ilin ilk dörd ayı ərzində isə bu rəqəm 6 milyon manatı keçib. Hər bir fakt üzrə təhlillər və araşdırmalar göstərir ki, kiber cinayətlər bank kartı sahiblərinin şəxsi məlumatlarının müxtəlif üsul və vasitələrlə ələ keçirilməsi nəticəsində baş verib”.
Şöbə rəisi profilaktik maarifləndirmə işlərinin vətəndaşların kiber savadlılığının artırılmasında faydalı olduğunu vurğulayıb:
“Maariflənmə, əməliyyat-axtarış, əməliyyat-texniki, istintaq tədbirləri tərəfimizdən fasiləsiz davam etdirilir. Bununla yanaşı, həmçinin beynəlxalq əməkdaşlıq əlaqələri genişlənir, kiber təhdid riskləri üzrə fəaliyyət diqqətdə saxlanılır.
Fəaliyyətə uyğun olaraq “İnterpol”,” Europol” və digər beynəlxalq qurumlarla birgə əməkdaşlıq çərçivəsində məlumat mübadiləsi aparılmaqla birgə əməliyyatlar həyata keçirilir. Bu, xüsusilə transsərhəd kibercinayətkarlıqla mübarizədə çox vacibdir”.