"Tarixi münaqişələr bu günkü münasibətlərə təsir etməməlidir" - Hüquqşünas

"Tarixi münaqişələr bu günkü münasibətlərə təsir etməməlidir" - Hüquqşünas
21 May 2025 19:45

News365.az xəbər verir ki, hüquqşünas Fərhad Mehdiyev tarixi münaqişələrin bu günkü dövlətlərarası münasibətlərə mənfi təsir etməsinin doğru olmadığını bildirib. Onun sözlərinə görə, nə Şah İsmayıl Xətai, nə də Yavuz Sultan Səlim millət və ya türklük uğrunda döyüşməyib:

“Mən hüquqşünasam, tarixçi deyiləm. Amma nə Şah İsmayıl, nə də Yavuz Sultan Səlim türklük adına, millət adına müharibə aparmayıb. O zamanın dövlətləri Makyavellinin dediyi düstür ilə yaşayırdılar – hansı qonşu dövləti özünə tabe etdirə bilsən et, ya da tərsinə olacaq. Həmin zəmanənin bu günə xas ‘milli dövlət’, ‘xalq hakimiyyəti’ kimi anlayışları yox idi”.

Fərhad Mehdiyev qeyd edib ki, imperiyalar dövründə cəmiyyət təbəə və əsgər kimi siniflərdən ibarət olub və döyüşlər əsasən nüfuz dairələrinin genişləndirilməsi məqsədi daşıyıb:

“Teymurləng də vaxtilə çoxlu əraziləri işğal edib, baş kəsib. İndi türklər özbəklərdən küsülü qalmalıdır? Təbii ki yox. Belə şeyləri anlayışla qarşılamaq, tarixdə yüz illər əvvəl baş vermiş hadisəyə görə bu günkü dost dövlətlərin münasibətlərinə xələl gətirilməməlidir”.

Hüquqşünasın fikrincə, Çaldıran döyüşündə kimin haqlı və ya haqsız olduğunu müəyyənləşdirmək düzgün yanaşma deyil:

“Hər iki padişah nüfuz dairələrini, torpaqlarını genişləndirmək üçün savaşıblar. Ədalət, insan, xalq kimi dəyərlər o dövlətlərin heç birinin fəlsəfəsində olmayıb. Həmin müharibəni məzhəb savaşları kimi görmək də doğru deyil. Hərçənd Şah İsmayıl əldə etdiyi torpaqları qorumaq üçün orada şiəliyin yayılmasını istəyirdi. Çünki şiə toplum sünni Anadolu hökmdarına tabe olmaq istəməzdi”.



Sizin reklam burada
Sizin reklam burada